Siyasət 12:00 25.11.2023

Azərbaycanla Ermənistan arasında yeni müharibə? - Ekspert bunu mümkün sayır

"Tezliklə sülh sazişi imzalanmasa, yenidən müharibə başlana bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev son zamanlar bir sıra xarici ölkə politoloqlarının 2024-cü ildə Azərbaycanla Ermənistan arasında yenidən müharibənin alovlana biləcəyi barədə səsləndirdikləri proqnozları şərh edərkən deyib.

Ekspert bildirib ki, 2024-cü ildə müharibənin yenidən alovlanması realdır:

"Çünki hələlik sülh əldə edilməyib. Bu isə vacib məsələdir. Digər tərəfdən, 10 noyabr bəyyanaməsinin 9-cu bəndinə əsasən Ermənistan Zəngəzur dəhlizi vasitəsilə Navçıvana yol açacağı barədə öhdəlik götürüb. Amma bu günə qədər həmin öhdəliyə əməl etmirlər. Ona görə də həmin problem həll edilməmiş qalır. Düşünürəm ki, sülh sazişi imzalanmayınca, müharibə vəziyyəti yenidən yarana bilər. Ermənistan sülh sazişinin imzalanmasını yubadır".



Mehman Əliyev vurğulayıb ki, İrəvan ilkin mərhələdə bunu statusla bağlayırdı, daha sonra isə başqa zəmanətlər istəməyə başladılar:

"Ona görə də Azərbaycan Ordusu ardıcıl olaraq bir sıra istiqamətlərdə irəliləməyə başladı. Sonuncu mühüm əməliyyyat isə sentyabrın 19-da baş verdi. Əslində İrəvan şərtləri qəbul edərək, sülh sazişini imzalasaydı, bu baş verməyə də bilərdi".

Həmsöhbətimiz hadisələrin inkişafına nəzər yetirərək, bildirir ki, sülh sazişi imzalanmasa, Azərbaycanın öz anklavlarını qaytarmaq üçün növbəti addım atacağını gözləmək olar:

"Hətta Naxçıvana da yol aça bilərik. Heç kim buna görə ölkəmizə heç nə deyə bilməz. Amma son zamanlar görürük ki, İrəvan reallığı artıq başa düşməyə başlayıb". 

Qeyd edək ki, rusiyalı politoloq Maksim Şevçenko vaxtaşırı, o cümlədən son olaraq verdiyi telemüsahibəsində 2024-cü ildə Ermənistanla Azərbaycan arasında yeni müharibə olacağı proqnozunu verib. O, müharibə ehtimalını 50:50-yə nisbətdə proqnozlaşdırıb. Eyni zamanda, Beynəlxalq Böhran Qrupu da vaxtaşırı belə açıqlamalarla çıxış edib. 

Rüfət Sultan