Ölkə 17:50 05.12.2023

Bakıda təyyarəyə araqla girmək istəyən şəxs həbs edildi

Bakıdan Türkiyəyə gedən şəxs təyyarəyə spirtli içki keçirmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava limanında insident törədib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə bir neçə gün əvvəl, saat 04:20 radələrində baş verib. 

Belə ki, 1973-cü ildə Ağdaş rayonunun Ləki qəsəbəsində doğulmuş Orxan Zamanov (ad-soyad şərti) əl çantasında Bakıdan aldığı araq və konyakı təyyarə ilə Türkiyənın Bursa şəhərinə aparmaq istəyib. Hava limanında təhlükəsizlik əməkdaşları ona spirtli içkilərin yalnız baqaj formasında özü ilə aparmasının mümkün olması izah ediblər. Bundan sonra Orxan Zamanov yüksək səslə və digər sərnişinlərin yanında onlarla mübahisə edib, xidməti vəsiqələrini dartıb. 

O, polis tərəfindən saxlanılaraq post-patrul maşına tərəf aparılıb. Lakin onlarla getməkdən imtina edib və hava limanına geri qayıdıb. Bu səbəbdən məcburi qaydada avtomobilə əyləşdirilib. Avtomobil olan zaman isə qapını açaraq yerə tullanıb və yerə uzanaraq avtomobilə əyləşməkdən imtina edib. 

Həmin şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün narkoloji dispanserə aparılıb və içkili olduğu müəyyən edilib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 gün inzibati qaydada həbs edilib.

Əhməd