Ölkə 15:44 10.02.2023

Bakıdan İstanbula 1 kiloqrama yaxın qızıl aparmaq istəyən şirkət direktoru və nişanlısı kimdir?

İstanbula külli miqdarda qızıl aparmaq istəyən "NF Model” şirkətinin direktoru və onun nişanlısına hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Nürəddin və nişanlısı Yevgeniya ümumi dəyəri 144 min 347 manat təşkil edən 825,01 qram çəkidə olan qızıl-zinət əşyalarını Bakı-İstanbul aviareysi ilə Türkiyəyə aparmaq istəyiblər. 

Onlar 2 fevral 2022-ci il tarixdə, saat 20 radələrində TK335 saylı Bakı-İstanbul aviareysi ilə Azərbaycandan Türkiyəyə gedərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ‘Terminal-1” gömrük postunda həmin malları bəyannamədə qeyd etməyiblər. Beləliklə, istintaq qərara gəlib ki, adıçəkilən şəxslər qızıl-zinət əşyalarını qəsdən qaçaqmalçılıq yolu ilə keçiriblər.

1990-cı ildə Bakıda anadan olan təqsirləndirilən şəxs Nürəddin Hüseyn ifadəsində bildirib ki, "NF Model” şirkətinin direktoru və təsisçisidir. Vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətində qeydiyyatdan keçib və adına VÖEN açılıb. Həmin şirkət müxtəlif məhsulların dizayn edilməsi ilə məşğul olub. Həm də fərdi qaydada bəzi idmançılara ödənişsiz dərslər keçib. Ötən il onlar İstanbul şəhərinə gəzmək və fotosessiya etmək məqsədilə Bakı-İstanbul aviareysinə bilet alıblar. 

İstanbula getmək istəyərkən hava limanında yoxlama keçirilib və ona məxsus əl çantasından, baqaja verdiyi çemodandan protokolda göstərilən sayda və çəkidə qızıl-zinət əşyaları aşkar olunub. Həmçinin də nişanlısının həm üzərindən, həm də baqajından qızıl-zinət əşyaları aşkar edilib. Onun sözlərinə görə, qızıl-zinət əşyaları nənəsindən miras qalıb. Təqsirləndirilən şəxs deyib ki, həmin qızılları Türkiyədə yaşayan bibisinə vermək üçün aparırmış. Nürəddin Hüseyn həmçinin bildirib ki, nişanlısının üzərində aşkar olunan qızılları da özü hədiyyə edib. Bundan başqa, ailə üzvləri də ona qızıl zinət əşyaları hədiyyə ediblər.

1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş Yevgeniya da nişanlısının ifadəsini təsdiqləyib. 

Məhkəmə Nürəddin və nişanlısı Yevgeniyanı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (Qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlara Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və barəsində 1 il 6 ay sınaq müddəti seçilib.

Əhməd