İdman 12:40 25.05.2023

"Barselona" daha bir ulduzla yollarını ayırdı

"Barselona" müqaviləsinin bitməsinə 1 il qalmış Jordi Alba ilə yollarını ayırdığını açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə "Barselona" tərəfindən açıqlama verilib. 34 yaşlı sol cinah müdafiəçisi bu həftəsonu oynanılacaq "Malyorka" ilə oyunda sonuncu dəfə "Barsa"nın formasında meydana çıxacaq.

Karyerasına "Barselona"nın aşağı yaş qruplarında başlayan futbolçu daha sonra "Kornella"ya, ardından "Valensiya"ya yollanıb. 2008-ci ildə "Valensiya"nın əsas komandasına cəlb olunan müdafiəçi 2012/13 mövsümündə yenidən "Barselona"ya qayıdıb.

Təcrübəli sol cinah müdafiəçisi katalon klubunun heyətində Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, La Liqa (6), UEFA Superkuboku, İspaniya Kral Kuboku (5) və İspaniya Superkubokunun (4) qalibi olub.

Futbolçu "Barselona"nın heyətində 458 oyuna çıxıb, 27 qol vurub, 99 məhsuldar ötürmə edib.

Səbuhi Həsənov