İdman 16:16 13.12.2023

"Barselona"nın futbolçularına stadionda duş qəbul etmək qadağan edildi

"Barselona"nın futbolçuları bundan sonra nə ev matçlarından sonra stadionun paltardəyişmə otaqlarında, nə də məşqdən sonra klubun bazasında duş ala bilməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Kataloniyanın "El Mundo Deportivo" nəşri məlumat yayıb.

Səbəb Kataloniya hökumətinin suya qənaət məqsədilə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlər olub. Kataloniyanın su anbarının səviyyəsi regionda son 100 ilin ən pis quraqlığı səbəbindən 18%-ə düşüb. 16%-lik səviyyəyə çatdıqda su anbarları qəza rejiminə keçəcək.

Bölgə rəhbərliyi quraqlığın təsirlərini yumşaltmaq məqsədilə idman obyektlərində duşdan istifadəyə qadağa qoyub və peşəkar komandalar üçün heç bir istisna yaratmayıb. Belə ki, "Barselona"nın futbolçuları məşq və matçlardan sonra evdə duş qəbul etməli olacaqlar.

Kataloniyanın İqlim, Ərzaq və Kənd Təsərrüfatı naziri David Maskurt "Cadena SER"ə müsahibəsində bu məlumatı təsdiqləyib.

Aydın