"Qəbələ”nin əvəzediciləri bu mövsümə uğurlu start verdi. Son iki ildə Birinci Divizionda doqquz və beşinci yerləri tutan komanda əvəzedicilərin çempionatında özünü daha yaxşı tərəfdən göstərməkdədir. Ötən həftə sumqayıtlıları 7:0 hesabı ilə məğlub etməklə geridə qalan son 3 turun hər birində qələbə qazanmış olan bölgə təmsilçisinin iddiaları da var.
Baş məşqçi Famil Xəlilov uğurun səbəblərini bölüşüb. Bu gün həm də ad gününü qeyd edən mütəxəssis Qaynarinfo-ya açıqlamasında qarşıda duran məqsədlərdən danışıb.
- Sumqayıtlılarla oyunda komandanız qazandığı nəticə ilə sizi artıq təbrik etdi. 7:0 rəqibi biabır etmək anlamına gəlir. Görünür, sumqayıtlıları güclü analiz etmişdiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
- Bilirdiniz ki, "Qəbələ”nin əvəzedici komandası yarışlarda iştirak etmirdi, ikiillik fasilə yaranmışdı. Birinci Divizionda yarışlara qoşulmağa başlayandan məqsədimiz o idi ki, perspektivli futbolçuları oynadaq və komandanı formalaşdıraq. Bundan öncəki illərə nəzər salaq, əvvəl doqquzuncu, ötən mövsüm isə beşinci yeri tutduq. Bu uzun müddət hesablanmış addım idi ki, futbolçular yetişmiş, təcrübəli olsun. Akademiyanın tək hədəfi ehtiyat komandadan əsas heyət üçün futbolçu yetişməsidir. Plan qurduq ki, üç il gənclərlə oynayaq və onlara təcrübə qazandıraq. Bu gün həmin planın bəhrəsini görməyə başlamışıq. Deməzdim ki, "Sumqayıt” zəif idi və onları tam şəkildə üstələdik. Futbolçular uzun müddətdir ki, həm millinin düşərgəsindədir, həm də onların yetişdirilməsi üçün çox əziyyət çəkilib. Bunun nəticəsidir ki, güclü və bütün mövqelərdə daha üstün futbol sərgiləyirlər. Uzun illərin bəhrəsidir. Komandamız istənilən sistemə qarşı dominant futbol oynamağa başlayıb. Perspektivli gəncləri bir araya toplamışdıq. Uşaq liqasından çıxan bir futbolçunun birbaşa aşağı dəstədə oynaması və uğur qazanması real görünmür. Ona görə də ilk illərdə nəticələrimiz olmadı. Bu kimi şeyləri göz önünə almışdıq.
- Komandanı bu mövsüm üçün toplayanda qarşınıza hansı hədəfləri qoymuşdunuz və belə başlanğıc nə dərəcədə gözlənilən idi?
- Ümumiyyətlə hər il komandanı formalaşdıranda, bilirsiniz ki, kənardan çox futbolçu dəvət etmirik. Sırf akademiyanın futbolçularına üstünlük veririk. Heç vaxt konkret çempionluq hədəfimiz olmayıb. Sırf əsas komandaya futbolçu yetişdirmək istəmişik, bu il də həmçinin. Amma çempion olsaq, nə gözəl. Nəyi pisdir ki? Bu futbolçular əsas komandanın biraddımlığınadır. Nəticə qazanmağı öyrənməlidirlər ki, bunun nə qədər önəmli olduğunu anlasınlar.
- Heyətin əksər üzvləri gəncdir, yəni, müəyyən psixoloji dəyişikliklər müşahidə etmək mümkündür. Məsələn, ardıcıl qələbələr komandada arxayınlıq yarada bilər. Bu mənada durum necədir?
- Əlbəttə, futbolda belə hallar mümkündür. Futbolçulara rəhbərlik olaraq xatırlatmalar edirik. Rəqibdən, gücündən asılı olmayaraq, öz oyun üslubumuz, tələblərimiz var. Rəqibə, hakimlərə hörmətlə yanaşıb, peşəkar futbolçu olmağın yollarını axtarmalıdırlar. Tək hədəfimiz budur. Hələ ki, belə bir halla qarşılaşmamışıq. Amma o demək deyil ki, heç vaxt qarşılaşmayacağıq. Olma ehtimalı yüksəkdir, ona görə də futbolçulara əvvəlcədən xəbərdarlıq edirik. Belə şey yolverilməzdir, arxayınlıq olmamalıdır. Hələ ki, bu baxımdan heç bir sıxıntımız yoxdur. Uşaqlar gündəlik həyat tərzində də daha peşəkar kimi davranmağa başlayıblar.
- Ötən mövsüm beşinci, ondan əvvəlki ildə doqquzuncu yeri tutmuşdunuz. Amma nəzərə alaq ki, komanda həmin mövsümlərdə Birinci Divizionda idi. "Qəbələ”nin uğurlu nəticəsinin səbəbini həm də bununla izah etmək olar? Yəni, akademiyanın gücü, sırf əvəzedicilərin çempionatı olduğu üçün burada daha aydın şəkildə görünür?
- Uşaqların əksəriyyətini, akademiyaya demək olar 10 yaşında götürmüşük. İndi həmin futbolçuların artıq 19 yaşı var. Bilirsiniz ki, hər zaman UEFA Gənclər Liqasında ölkəmizi təmsil edirik. Həmin uşaqların 80 faizi əvəzedicilərdədir. Mümkün qədər Gənclər Liqasında yaxşı iştirak etməyə çalışırıq. Əvəzedicilərin yarışında daha yaxşı çıxış etməyimiz, gənc komanda olmağımızla əlaqədardır. Əvəzedicilərin Birinci Diviziondan ayrılmasının bir faydası da odur ki, yarışlar artıb, azərbaycanlı uşaqlar daha çox forma geyinmək şansı qazanıb. Təbii ki, hər kəs, "Qəbələ”də, "Neftçi”də və ya "Sabah”da oynaya bilmir. Orta səviyyəli futbolçu hesab olunanlar belə şans qazanmalıdır. Heç kimin nəsə gözləmədiyi o qədər futbolçu var ki, sıçrayış edib və Premyer Liqada oynayır.
- Yeni mövsüm üçün komandada çox dəyişiklik etmişdiniz?
- Demək olar ki, sırf gəncləşdirmişik. İki-üç nəfər 2001 təvəllüdlü futbolçu var, onlar da əsas komandamızla məşq edir. Digərlərindən biri 2003, qalanları 2004/2005 təvəllüdlüdür. Əksəriyyətinin yaşı U-19 Liqasına düşür. Adbaad fərqləndirmək istəməzdim, amma kifayət qədər yeni simalar görə bilərik. Bir neçə ilə "Qəbələ”də yeni ulduz futbolçuların yetişəcəyi bağlı müsbət məqamlar var. Yaxın illərdə çox keyfiyyətli futbolçular yetişəcəyinə inanırıq.
- Ümumiyyətlə uzun illərdən sonra bərpa olunan əvəzedicilərin çempionatının səviyyəsini necə qiymətləndirirsiniz və bu il özünüzə ən ciddi rəqib kimi görürsünüz?
- Bütün rəqiblərə ciddi yanaşırıq, bu birmənalıdır. Öz sistemimiz var. Hər rəqib üzərində dominant futbol həyata keçirmək istəyirik. Deməzdim ki, rəqiblər zəifdir. Hələ cəmi üç tur geridə qalıb. Qarşıda isə 33 tur var. Hər şey ola bilər. Komandada eniş yaşana bilər, amma bunun baş verməməsinə çalışırıq. Heyətin əksər üzvləri millidə oynadıqları üçün, futbolçularda yorğunluq, zədə ehtimalı var. Çünki komandamızda U-21, U-18, U-19 millilərində oynayanlar kifayət qədərdir. Toplanış vaxtlarında uşaqların böyük əksəriyyəti demək olar millilərin düşərgəsinə gedir. Bu işimizdə axsamalara səbəb ola bilər. Amma normaldır, bunu da gözləyirik. Məqsədimiz tək "Qəbələ”ni deyil, millilərimizi də futbolçu ilə təmin etməkdir. Hədəfimizin bir parçasıdır. Nəticələr dəyişkən ola bilər.
- Maraqlıdır ki, "Qəbələ”nin əsas komandası sizdən fərqli olaraq, mövsümə çox uğursuz start verib. Bu müvəqqətidir, yoxsa həqiqətən də komandada çatışmayan nələrsə var?
- Təbii ki, müvəqqətidir. "Qəbələ” bu prosesləri dəfələrlə yaşayıb. Hər dəfə yeni futbolçular gəlir, istedadlar üzə çıxır. Düşünümrəm ki, bu şəkildə davam edəcək. Bir qələbəyə ehtiyac var ki, komanda özünə gəlsin. Hazırlıq dövrünü birbaşa özüm incələmişəm, izləmişəm. Türkiyə toplanışlarındakı yoldaşlıq görüşlərinə, Avroliqanın "Qəbələ”də keçirilən ilk matçına baxmışıq. Parlaq, çox gözəl futbol nümayiş etdirən komandadır. Belə enişlər hər komandada olur. İnanmıram ki, çox uzun davam etsin. Komanda toparlanıb formasını bərpa edəcək. İnsan faktoru var, psixoloji məqamlardan irəli gələ bilər. Oyuna daha çox köklənməklə qələbə qazanmaq istəyirlər. Yorğunluqla hər hansı əlaqəsi olduğuna inanmıram. Çünki "Sumqayıt”la matçı izlədik. Xüsusən də ikinci hissədə yüksək səviyyəli futbol nümayiş etdirdilər. Daha çox qol vəziyyəti yaratdılar. Sadəcə, oyunu xeyrimizə dəyişmək üçün qol olmadı. Bunlar müsbət məqamlardır. İnanıram ki, bir neçə turdan sonra əvvəlki "Qəbələ”ni görəcəksiniz. Həmişəki kimi sürpriz komandadır. Bu il də sürprizlərə imza atacaqlarını gözləyirəm.
Səbuhi Həsənov
Şərhlər