Ölkə 17:55 27.02.2023

Baş Prokurorluğun həbs etdiyi məmurun istintaqı yekunlaşdı - 21 nəfər...

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonu, Çinarlı İcra nümayəndəliyində keçirilən əməliyyat zamanı saxlanılan qəsəbənin icra nümayəndəsi Elçin Abbasovun istintaq müddəti başa çatıb. 

Qaynarinfo-nun məlumatına görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Abdulla Məmmədovun icraatına verilib. 

Cinayət işi üzrə 21 nəfər zərərçəkmiş qismində tanınıb. 

Qeyd edək ki, 2022-vi il avqust ayının 12-də Şəmkir rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi - "Acı arx” Sudan İstifadəedənlər Birliyinin İdarə Heyətinin sədri Abbasov Elçin İsmayıl oğlunun 2021-2022-ci illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, eləcə də torpaq istifadəçilərinə suvarma üçün suyun verilməsini qismən həyata keçirib təsərrüfatlarına qəsdən ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən hallarla bağlı cinayət işi başlanmaqla toplanmış ilkin sübutlar əsasında Elçin Abbasova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Elçin Abbasov 2018-ci ilin fevral ayının 5-də Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı və hazırda həbsdə olan Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən, Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib. O, daha sonra Çinarlı inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin olunub.

Əhməd