Dünya 10:28 29.05.2023

Bayden ABŞ-da "fəlakətli defoltun" qarşısının alındığını elan etdi

ABŞ prezidenti Co Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti hökumət borcunun tavanının 2025-ci il yanvarın 1-dək dayandırılması ilə bağlı razılaşmanı yekunlaşdırıb.

Qaynarinfo bu barədə Reuters-ə istinadla xəbər verir.

Baydenin dediyinə görə, saziş "fəlakətli defolt təhlükəsini aradan qaldırır" və ABŞ-ın "zəhmətlə qazanılmış və tarixi iqtisadi bərpasını qoruyur".

Müqavilənin mətni olan sənəd 99 səhifədən ibarətdir. Dövlət borcunun limitini dayandırmaqla yanaşı, 2024 və 2025-ci illər üçün xərcləri məhdudlaşdıracaq, koronavirus pandemiyası ilə mübarizə üçün istifadə olunmamış vəsaitləri qaytaracaq, bəzi enerji layihələrinə icazələrin verilməsi prosesini sürətləndirəcək və s.
İndi sövdələşmə iyunun 5-dək Konqresin hər iki palatası tərəfindən təsdiqlənməlidir. Bu tarixdən sonra ABŞ Xəzinədarlığı mövcud şərtlərlə öz öhdəliklərini yerinə yetirə bilməyəcək.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti təfərrüatlarını açıqlamadan sazişin əldə olunduğunu elan etmişdi.

Alpər