İdman 18:38 20.04.2023

Bayramovdan aldığı cəzaya çılğın etiraz: “Mən Van Damam?”

AFFA-nın İntizam Komitəsinin son iclasında Azərbaycan Premyer Liqasının 30-cu turunda qayda pozuntularına yol verən futbolçularla bağlı cəza qərarları çıxarıldı. Qərarlardan biri də Qəbələdə baş tutmuş "Kəpəz” -”Turan Tovuz” matçının sonlarında yaşananlarla bağlı idi. Belə ki, Tovuz klubunun qapıçısı Kamal Bayramov oyun bitdikdən sonra rəqib futbolçuları təhqir etdiyinə görə 3 oyun cəza aldı. Üstəlik bölgə təmsilçisi onun hərəkətinə görə 1600 manat cərimələndi. Hər halda 3 oyun heç də az cəza deyil və o anlama gəlir ki, Bayramov rəqib futbolçuları kobud şəkildə təhqir edib. Bəs həqiqətdə həmin anlarda nə baş verib?

Təcrübəli qolkiper yaşananlarla bağlı Qaynarinfo-ya danışıb:

"Kimi təhqir etmişəm? İntizam Komitəsində oturanlar nələr baş verdiyini görüb? 3 oyunluq cəzanı nəyə görə veriblər? Orada məndən başqa söyüş söyən, danışan olmayıb? "Kəpəz”in futbolçusu Ahmed Ayzayaya heç bir cəza düşmür? Mənimlə bağlı problem nədir? Başa düşmədim, mənə niyə üç oyunluq cəza verilib. Bilirsiniz, bu futboldur. Hər gün söyüş, tənqid, təhqir olur. Mən kiminsə evini yarmışam, yoxsa balasının qolunu kəsmişəm? Üç oyun nədir? Bilirsiniz necədir, təkcə mən söysəydim, razılaşardım. Meydanda olan 22 nəfərin 19-u söyürdü. Əliyar Ağayevin yanında idim. Kənara çəkilməyimi istədi, mən də etdim. Orada, AFFA nümayəndəsi idi, ya kimdisə, bilmədim, əlinə kamera alıb "palatka” toyu çəkənlər kimi başımızın üstündə fırlanırdı. Mənə desinlər ki, kimi təhqir etmişəm. Bəlkə həmin insanın yaxınına, qohumuna söymüşəm? Yaxud mən söydüyüm insan cavab qaytarmayıb? Onu da yazsınlar. Belə çıxır ki, mən söymüşəm, qarşımdakı da qəbul edib. Yəni mənim söyməyimi görüb, digərlərinin sözlərini eşitməyib? Vallah, düzgün qərar deyil. Orada qorxaq adam yoxdur. Nə söhbət olubsa, bir-birimizə cavab vermişik”.

Ötən gün Azərbaycan Kubokunun yarımfinal mərhələsində baş tutan "Turan Tovuz” - "Neftçi” matçının sonlarına yaxın Bayramovun rəqib futbolçularla sərt şəkildə danışdığının da şahidi olduq. Qapıçı bu məqamlar haqqında da danışdı:

"Bir söz deyim. "Turan Tovuz”un əcnəbi futbolçularının başqa komandalardakı rəqiblərinə söyüş, təhqir dediyini eşitmisiniz? Biz mədəniyyətimizi, mentalitetimizi onlara izah edirik. Başa salırıq ki, filan şeylər olmaz. Ancaq oyunun ortasında "Kəpəz”in, yaxud "Neftçi”nin futbolçusu söyüş söyə, istədiyi jesti edə bilər? Qələt edər söyər. Dünən "Neftçi”nin kapitanına narazılığımı çatdırdım, o da öz futbolçularına dedi, sağ olsun. Üzr istədilər. Hər kimsən, öz futbolçuna buranın Qafqaz olduğunu, mentalitetimizi başa salmalısan. Gəlmələr, azarkeşlərimizə, jurnalistlərimizə, futbolçularımıza, insanlarımıza hörmətlə yanaşmalıdır. Qeyri-etik jestlər etməməlidir. Sən kimisə söyə, oranı-buranı göstərə bilməzsən. Çünki futbol oynamağa gəlmisən. Qəbələdə söyüş söymüşəm, qarşımdakı da cavab verib. Amma İntizam Komitəsinin qərarından belə çıxır ki, təkcə mən təhqir etmişəm, heç kimin cavab verməyə hünəri çatmayıb. Məgər mən Van Damam? "Neftçi” ilə oyunda isə söyüş söyməmişəm. Kenni Sayeflə əsəbi şəkildə, jestlərlə danışırdıq. Amma təhqir olmadı. Çünki hakim yanımızda idi. Amma "Kəpəz”in futbolçusu Ayzaya 10 milyonluq Azərbaycan xalqının qarşısında cinsiyyət orqanını göstərirdi. Bəs bu videotəkrarda görünmür? Elə dava da buna görə baş verdi”.

Son vaxtlar sanki "Turan Tovuz”un futbolçuları arasında gərginlik hökm sürür. Görəsən bu, son vaxtlar komandanın qələbə üzünə həsrət qalması, azarkeşlərin təzyiqi ilə əlaqədardır?

"İntizam barəsində heç bir problemimiz yoxdur. Bilirsiniz, elə oyun var ki, qazanmaq üçün rəqiblə dalaşmalısan. Hətta, dizlərini sındırmalısan. Elə oyun var, sizə necə deyim, rəqibin sinəsindən o tərəfə keçməlisən. Bunu həyat tələb edir, başqa variant yoxdur. Bu olmalıdırsa, artıq vərəqənin rənginə baxmırsan. Futbolda belə şeylər olur. 5-6 oyun özümüzü yaxşı tərəfdən göstərə bilmədik. Bütün komandalarda eniş olur. Həmçinin "Turan Tovuz”da da var. Bu o deməkdir ki, bizi topa qoyub atmalıdırlar?”.

Səbuhi Həsənov