Ölkə 13:46 23.11.2023

Bazardakı yanğının açıq alov mənbələri söndürüldü (YENİLƏNİB/FOTO/VİDEO)

Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən inşaat materialları bazarında baş vermiş yanğın ərazisində bütün açıq alov mənbələri söndürülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

10.03
 
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən yanğının söndürülməsi üçün əlavə texnika və canlı qüvvə cəlb olunub.

Qaynarinfo xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırıb.

Qeyd edək ki, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

09.12
 
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev yanğın ərazisindədir.

"Report" xəbər verir ki, hadisə yerində icra başçısı ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri də var.
 
08:24

Bakıda inşaat materialları bazarında yanğın baş verib.

Qaynarinfo Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.