Dünya 10:11 28.02.2023

Belçika Rusiyanın rekord məbləğdə aktivlərini dondurdu

Belçika Maliyyə Nazirliyi Rusiyanın 58 milyard avroluq aktivini dondurub. Bu göstərici Aİ-yə üzv ölkələr arasında ən yüksək göstərici olub.

Bu barədə Qaynarinfo Belçikanın maliyyə naziri Vinsent van Peteqemin internet səhifəsində yerləşdirilmiş məlumatlara istinadən xəbər verir.
 
Eyni zamanda, Rusiya Federasiyasının Aİ-nin sanksiyalar siyahısına daxil edilmiş 1789 şirkəti və Rusiya vətəndaşlarına aid olan 191 milyard avro məbləğində maliyyə əməliyyatları bloklanıb.

Qeyd olunur ki, gömrük Rusiya və Belarusa münasibətdə idxal və ixraca ciddi nəzarət edir. Malların təyinatı barədə əlavə məlumat alınana qədər 529 konteyner saxlanılıb. 

Bundan başqa, idxal-ixrac qaydalarının pozulması ilə bağlı prokurorluğa 19 rəsmi protokol təqdim edilib, daha 15-i isə təqdim olunmaq üçün hazırlanır.
Van Peteqem sanksiyaların tətbiqi ilə bağlı Avropa İttifaqı daxilində sıx koordinasiyanın fəal şəkildə tərəfdarı olduğunu bildirib.

"Ona görə də Maliyyə Nazirliyi Avropa Komissiyası və digər üzv ölkələrlə daimi əlaqə saxlayır, tez-tez ölkəmiz və Maliyyə Nazirliyinin yanaşmasını nümunə kimi göstərir”, - deyə siyasətçi əlavə edib.

Nizami Bağırov