Dünya 18:11 25.12.2023

Belqradda "Maydan" təkrarlana bilər? (ŞƏRH)

"Belqradda keçirilən etirazlar yeni "Maydan"a gətirib çıxarmayacaq, çünki onlar çox az adam toplayıblar və süni görünürlər". 

Qaynarinfo xəbər verir ki, bunu serb politoloq Stevan Qajiç deyib.

Onun fikrincə, etirazlara xaricdən dəstək var və etirazların qəsdən əslində olduğundan daha dramatik olduğu göstərilir:

"Maydan"ın əlamətləri haqqında danışmaq hələ tezdir. Fakt budur ki, ilk vaxtlar aksiyaya çox az adam çıxıb, dünən də nisbətən daha az adam olub. Belqrad standartlarına görə, etirazlarda 3 min nəfər kiçik bir aksiyadır, bu, dünən baş verə biləcək maksimumdur", deyə ekspert NSN-ə müsahibəsində qeyd edib.

Politoloqun sözlərinə görə, polisin həddindən artıq zorakılıq tətbiq etməməsi də az rezonans doğurub və etirazçıların liderləri şüşələri sındırmağa başlayan kimi dərhal onları tərk ediblər.

"Qərb Serbiyada ənənəvi "rəngli inqilab" ssenarisini həyata keçirir". Bunu isə politoloq Nikolay Mejeviç "Vzqlyad” qəzeti ilə söhbətində bildirib.

Onun sözlərinə görə, iğtişaşçıların əsas məqsədi ölkə prezidenti Aleksandr Vuçiçin istefası və qərbyönlü hökumətin yaradılmasıdır:

"Əgər onların planı həyata keçərsə, Belqradın xarici siyasətində dəyişiklik gözləməliyik. Etiraf edirəm ki, biz Rusiyaya qarşı sanksiyaların tətbiqindən danışacağıq. Bundan əlavə, Serbiya bu təşkilatların istənilən şərtləri ilə Avropa İttifaqı və NATO-ya üzv olmağa razılaşa bilər".

O, Serbiyada vəziyyətin son dərəcə ağır olduğunu vurğulayıb. "Vuçiç indi vəziyyəti nəzarətə götürməsə, bu, tamam başqa dövlət olacaq", deyə politoloq əlavə edib.

Dekabrın 17-də ölkədə keçirilən seçkilərin nəticələri ilə razılaşmayan "Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları Belqradın nümayəndə və icra hakimiyyətinin binası qarşısında iğtişaşlar törədib və pilləkənləri zəbt ediblər. Dekabrın 24-ü axşam saatlarında polis bir neçə dəqiqə ərzində etirazçıları dağıdıb, meydanı onlardan təmizləyib və kordon yaradıb.

Qeyd edək ki, Serbiyada dekabrın 17-də keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar bir neçə gündür etirazlar davam edir. Belqradda bir gün əvvəl etirazçılar şəhər meriyasına basqın etməyə cəhd etdilər, hakimiyyət iğtişaşları "Maydanlaşma" adlandırıb. 

Aydın