İdman 17:04 04.08.2023

Bəxtiyar Musayev: “Bu il ən yaxşı “Qarabağ”ı görə biləcəyimizi düşünürəm”

Bu gün Azərbaycan Premyer Liqasında cari mövsümün ilk turuna start veriləcək. Təbii ki, klublarımızın bəziləri mövsümöncəsi hazırlıqlarını, bəziləri də avrokuboklarda mübarizəni davam etdirir. Bir sıra transferlər də həyata keçirilib.

Tanınmış seleksiyaçı-məşqçi Bəxtiyar Musayev Qaynarinfo-ya açıqlamasında klublarımızın hazırkı durumlarını dəyərləndirb.  

"Bütün klublarımız transfer bazarında fəaldırlar. Amma kim, nə dərəcədə layiqli futbolçular cəlb edib, oyunlarını izləmədiyimə görə bir söz deyə bilmərəm. Sadəcə, "Qarabağ”, "Neftçi”, "Qəbələ” və "Sabah”ın oyunları ilə bağlı ümumi fikir bildirmək olar. Azərbaycan Premyer Liqasında bir neçə tur keçdikdən sonra daha dolğun məlumat vermək mümkündür. Təki fəallıqlarını davam etdirsinlər və yeni futbolçular faydalı olsun. İstərdik ki, hər klub texniki-taktiki baxımından hazır olsun, gözəl oyunlara baxaq. "Qarabağ”ın yeni oyunçularından "Qarabağ”da Hamidu Keytanı, Juniniyonu gördük. Juniniyo 20-25 dəqiqə oynadığı üçün bir söz demək çətindir. Məncə, güc, sürət baxımından özünü göstərə bildi. Keytanı onsuz da "Zirə”dən tanıyırdıq. "Neftçi”nin mərkəz müdafiəçilərinin üzərinə ilk matçda elə də güc düşmədi. Hesab bərabər oldu, Bosniya və Hersoqovina təmsilçisinin hücumlarından ikisi qolla nəticələndi. Ciddi səhvləri olmadı, həm də işləri az idi”.
 
Musayev bir çoxlarının əksinə, heç də "Qarabağ"ın zəiflədiyini düşünmür: 

"Düşünümürəm ki, "Qarabağ” zəifləyib. Əksəriyyət bu düşüncədədir. Fikrimcə, yanılırlar. Bu il ən yaxşı "Qarabağ”ı görə biləcəyimizi hesab edirəm. Təəssüf ki, Çempionlar Liqasında nəticə yaxşı olmadı, komanda mübarizəni dayandırdı. Bu matç bir-iki həftə sonra keçirilsəydi, daha "diri” "Qarabağ” görərdik. Həmişə görürük ki, komanda gündən-günə daha da yaxşı olur. İki oyuna baxsaq, deyə bilərəm ki, "Qarabağ” mərhələni keçmək gücündə idi. "Rakuv”, təəssüf ki, bəxt sayəsində növbəti mərhələyə keçdi. "Qarabağ” Avroliqada HJK ilə oynayacaq. Paralellər aparanda "Qarabağ” daha güclüdür və mərhələni keçəcəyini avrokuboklarda davam edəcəklərini düşünürəm”.

Səbuhi Həsənov