İdman 18:10 06.07.2022

Bəxtiyar Musayev: “Xoşbəxtlikdən qapımızda ikinci qolu görmədik”

"Qarabağ” cari avrokubok mövsümündə ilk matçına çıxdı. Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk matçında Polşa təmsilçisi "Lex”lə qarşılaşan Qurban Qurbanovun komandası minimal hesabla məğlub oldu. Buna baxmayaraq ağdamlıların sözügedən rəqibi Bakıda məğlub edəcəyinə inam böyükdür.

Elə tanınmış mütəxəssislərdən olan Bəxtiyar Musayev də eyni fikirdədir. Musayev Qaynarinfo-ya açıqlamasında "Qarabağ”la bağlı bunları söylədi:

"Hesab oyuna görə olmadı. ”Qarabağ” ilk dəqiqələrdən rəqibə 3-4 ötürməyə belə imkan vermirdi. Təəssüf ki, ilk hissənin son dəqiqələrində qapımızda qol gördük. Oyun ərzində "Qarabağ” dominantlıq edirdi. Birinci hissədə Zubirin ifasında yaxşı qol şanslarımız da oldu. Yararlana bilmirdik. İkinci hissədə hiss olunurdu ki, komandada yorğunluq var. Bununla yanaşı rəqibin də səhvləri oldu. Xoşbəxtlikdən qapımızda ikinci qolu görmədik. Rəqib meydanında oynamalarına baxmayaraq "Qarabağ” üstün idi. Bakıda "Lex” daha çox qapanacaq. Asan olmayacaq. Çətin görüş gözləyirəm. Amma ümid edirəm ki, "Qarabağ” ən azı iki top fərqi ilə qələbə qazanıb futbol ictimaiyyətini və azarkeşləri sevindirəcək.

"Deməzdim "Qarabağ” zəif çıxış etdi. Qurban müəllim də dedi, komanda 10 gündən bir az artıqdır ki, birlikdə məşq edir. Çünki bundan əvvəl millinin də oyunları olub. Yeni transferlər də komandaya bir qədər gec qoşuldu. Yorğunluq da təbiidir. Bilirik ki, "Qarabağ” Avrokuboklarda formanı yavaş-yavaş yığır. Təəssüf ki, "Lex” bu dəfə daha "diri” və güclü idi. Eşitdiyimə görə bəzi istədikləri oyunçular var. Ümidvaram, komandanın gücünə güc qatacaqlar. "Lex”i keçmək lazımdır. Bu səddi keçəndən sonra daha rahat olacaqlar”.

Səbuhi Həsənov