İdman 23:30 31.01.2023

Bıçaqlanan "Kəpəz" fanatının durumuna aydınlıq gəldi

"Səbail" - "Kəpəz" matçında bıçaqlanan "Kəpəz" azarkeşinin həyati təhlükəsi yoxdur.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat katibi Azad Mustafayev bildirib. O, məsələ ilə bağlı şəxsi feysbuk profilində məlumat paylaşıb.
 
Mustafayev açıqlamasında bunları söyləyib:
 
"Şükür Allaha, hər şey yaxşıdır! Bir azarkeşimizin bıçaqlanması ilə nəticələnən insident her ne qədər arzuolunmaz olsa da... İki sevindirici xəbərim var: əməliyyat olunan azarkeşimizin həyatı üçün təhlükə yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən azarkeş də yaxalanıb. "Semaşko" kimi tanınan xəstəxanada klub rəhbərliyi İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş Rahibi tək buraxmadı!"
 
Hadisənin baş vermə səbəbi hələlik dəqiq məlum deyil. "Kəpəz" rəsmisi ona ünvanlanan sualı cavablandırarkən "Araşdırma aparılır. İlk dövrədən qalan ədavət olduğu deyilir" - ifadələrinə yer verib.
 
Xoşagəlməz hadisə baş hakimin final fitindən sonra matçın keçirildiyi "ASCO Arena"nın yaxınlığında baş verib. İki komandanın azarkeşləri arasında düşən mübahisə zamanı "Səbail"in tərəfdarlarından biri bıçaqla "Kəpəz" fanatına xəsarət yetirib. Qarın boşluğundan yaralanan azarkeş dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

"Səbail" - "Kəpəz" matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Səbuhi Həsənov