Səbuhi Həsənov
İdman 19:05 16.08.2021

Bir başlanğıca sözardı və ya "Köhnə hamam, köhnə tas"

Səbuhi Həsənov

Dünəndən etibarən Azərbaycan Premyer Liqasında yeni mövsümə start verildi. Bu o anlama gəlir ki, yenə 8 komandalı, cəmi 2 klubun çempionluq uğrunda mübarizə aparacağı bir Premyer Liqa izləyəcəyik. Açığı, "Premyer Liqa" sözünü işlədəndə adamda bir qədər fərqli hisslər yaranır. Premyer Liqa... Ölkəmizdə ən məzəli qurumlardan birinin xaraba qoyduğu çempionatın adı necə də pafoslu səslənir. Görməsən, yalnız adını eşitsən, zənn edərsən ki, bütün komandalar çempionluğa iddialıdır, sanki İngiltərədəki kimi mübarizə olacaq. Axı onların da çempionatının adı Premyer Liqadır. İngiltərə Premyer Liqası və Azərbacan Premyer Liqası... Bu kəlmələrin yanaşı yazılması və hansısa müqayisələrin aparılması gülüncdür. Amma adlar eynidirsə, başqa çarəmiz yoxdur.

Yəqin, nə demək istədiyimi başa düşdünüz. Futbol ictimaiyyətinin böyük əksəriyyəti kimi mən də yeni mövsümün əvvəlkilərdən ciddi şəkildə fərqlənməyəcəyini anlayıram. Bir halda ki, neçə illərdir Premyer Liqada eyni komandaları izləyirik, hamısının gücünə, keyfiyyətlərinə bələdik, AFFA Birinci Diviziondan yuxarı heç kimi buraxmır, deməli, müsbətə doğru dəyişikliklər gözləməyə dəyməz. Düzdür, əvvəlki mövsümlərdə olduğu kimi, bu il də ara-sıra gərgin oyunlara şahidlik edəcəyik. Bəlkə də yüksək səviyyədə bir-iki oyun izləyəcəyik. Ancaq bu ciddi mənada dəyişikliyə yol açacaqmı? Xeyr, düşünmürəm və buna inanmıram. Çünki nəsə yenilik etmək, çempionatın səviyyəsini qaldırmaq üçün AFFA-nın əlindən daha heç nə gəlmir. Əslində futbolumuza cavabdeh olan qurum rəhbərliyinin bacarıqsızlığına neçə illərdir şahidlik edirik. Əvvəllər hər dəfə daha yüksəlişinə ümid bəslədiyimiz çempionatın getdikcə gerilədiyini görürük. Son vaxtlar isə ümidlərimiz də öz əhəmiyyətini itirib artıq. Boş, boş ümidlər... Yəqin, belə davamiyyəti daimi görəcəyik. Ta ki, AFFA rəhbərliyində köklü dəyişikliklər edilənə qədər.

İldən ilə transferlərin keyfiyyəti də aşağı düşür. Qurban QUrbanovun, Samir Abasovun şikayətlərini, "hər istədiyimiz futbolçunu gətirə bilmirik" kimi fikirlər səsləndirməsini anlayışla qarşılamalıyıq. Məncə, o sözləri söyləyən insanlarda da günah axtarmağa dəyməz. AFFA-nın ildən ilə dəyərdən saldığı Azərbaycan Premyer Liqasına yaxşı futbolçu gətirmək mümkün deyilsə, deməli, problemin kökünü sırf məşqçilərdə və ya klub rəhbərlərində axtarmaq da düzgün yanaşma olmaz. Onları uzaqbaşı bir qədər xəsislikdə günahlandıra bilərik. "Bir güllə bahar olmaz" deyimi kimi, bir yaxşı futbolçu gətirməklə ölkə futbolunun ümumi problemi də həll olunmur.

Ötən həftəsonu ilk tur baş tutdu. Bəs nə gördük? Hələ ki, konkret proqnozlar vermək düzgün olmasa da, müəyyən mənada informasiyalar əldə etdik. Avrokuboklarda mübarizəni davam etdirən təmsilçilərimiz, "Qarabağ"la "Neftçi"nin yorğunluğunu və ya hansısa komanda üzvlərinə istirahət vermələrini normal qarşılaya bilərik. Digərlərində isə hələ ki, ciddi dəyişiklik yoxdur. Bəli, deyə bilərik ki, bəlkə qarşıdakı aylarda, yaxud mövsümboyu komandalar formaya düşəcək. Ancaq nə dərəcədə irəliləyişlər olacaq, bu böyük sualdır. Hətta düşündükcə daha qorxulu məqamlar ağıla gəlir. Məsələn, növbəti mövsümdən beynəlxalq arenada az-çox üzümüzü güldürən klublarımızın avrokuboklarda fiaskoya uğraya biləcəyi kimi... Qısası bu mövsüm də hansısa yüksəlişə, irəliləyişə ümid etmək çətindir. 

Səbuhi Həsənov