Amal Abuşov
İdman 10:06 30.06.2022

Biz Mahir Emrelidən nə gözləyirik?

İki gün bundan əvvəl Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo”su yoxlama oyunu keçirib. Həmyerlimizin komandası həmin görüşdə 3:0 hesablı qələbəyə sevinib. "Dinamo”nun böyükhesablı qələbəsindən sonra biz ikiqat sevindik. Bu da səbəbsiz deyildi. Zaqreb təmsilçisinə qələbə gətirən qollardan birinə azərbaycanlı futbolçu Mahir Emreli imza atmışdı.

Maraqlıdı ki, həmin görüşün start heyətində Mahirə yer tapılmayıb. "Qarabağ”ın sabiq futbolçusu 46-cı dəqiqədə, yəni ikinci hissənin əvvəlində oyuna qoşulub. Bundan 37 dəqiqə sonra isə Emreli qol müəllifi olub. Məlum məsələdi ki, bu cür yoxlama görüşlərində hesabın o qədər də böyük önəmi olmur. Komandalar yeni mövsümün hazırlığı üçün məşq edir, futbolçular istirahətdən sonra itirdikləri formalarını bərpa etməyə çalışırlar. Bu cür yoxlama qarşılaşmaları da oyun təcrübəsinin artırılması ilə yanaşı məşqçinin əlinin altındakı "material”la yenidən tanışlığına imkan yaradır. Yəni ki, baş məşqçi kimin hansı vəziyyətdə olmasına, yeni mövsümdə kimlərə daha çox güvənə biləcəyinə məhz belə oyunlardakı performansa əsasən qərar verir. Deməli, yoxlama görüşlərində vurulan qollar, sərgilənən oyunun keyfiyyəti futbolçular üçün bonus sayılmalıdı.

Mahir "Nafta” ilə yoxlama oyununda fərqlənməklə özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Elə düşünməyin ki, mən Emrelinin vurduğu bu qolu şişirdir, həmin qolun sayəsində yeni mövsümdə əsas heyətdəki yerin təmin olunduğunu iddia edirəm. Əsla belə deyil. Hələ qarşıdakı məşqlərdə və yoxlama görüşlərində Mahir çox tərləməli, əziyyət çəkməli və "Dinamo”dakı rəqabətdən qalib çıxmağı bacarmalıdı. Heç kimin şübhəsi yoxdu ki, Xorvatiya çempionu yetərincə səviyyəli komandadı və orda meydana hücumçu kimi çıxmaq, əsas heyətdə özünə yer qazanmaq hər bir futbolçunun bacaracağı iş deyil. Amma Mahir bunu bacara bilər. Bunun üçün onun yetərincə istedadı da var, potensialı da. Heç futbolçu kimi təcrübəsi də az deyil. 

Bəs nə çatmır?

Hamımız yaxşı bilirik ki, ötən mövsüm Mahir üçün heç də asan keçmədi. "Qarabağ”ı tərk edən futbolçu özünü Polşa çempionatıda sınadı. Özü də bu ölkənin sayılıb-seçilənlərindən olan Varşava "Legiya”sında. Onun üçün hər şey yaxşı başlamışdı. Həmyerlimiz qollar vurur, azarkeşlərin sevimlisinə çevrilirdi. Bir andaca işlər tərsinə getməyə başladı, azərbaycanlı futbolçuya qarşı klubun avtobusunda xoşagəlməz hərəkətlər edildi. Mahir də əvvəlcə Varşavanı, sonra da "Legiya”nı tərk etdi. Yeni klub tapmaq, ora uyğunlaşmaq da yetərincə çətin proses oldu ki, sonunda Mahir Emreli qızıldan xeyli qiymətli zaman itirdi. Yalnız mövsümün sonunda "Dinamo”nun heyətində meydana çıxmaq, fərqlənmək mümkün oldu. Artıq yeni mövsüm başlayır. İtirməyə zaman yoxdu. Böyük hədəflərin arxasınca yola çıxan futbolçu Zaqrebdə özünü isbatlamalı, əbəs yerə "Dinamo”ya transfer olunmadığını sübut etməlidi.

Belarusla oyunda sonradan meydana çıxan və Azərbaycan millisi üçün vacib qol vuran Mahir səviyyəsini ortaya qoydu. Təkcə bu faktın özünü xatırlamaq yetər ki, Mahirin bizim futbolumuz, milli komandamız üçün kim olduğunu bir daha qəbul etmiş olaq. Biz Mahirin ortabab Avropa klublarında gün keçirməsini, sonradan Azərbaycana dönməsini arzulamırıq. Mahir qol vurduğu oyundan sonra belə deyib: "Özümdən daha çox şey gözləyirəm”. Bəli, elə biz də Mahirdən bunu gözləyirik. Oynamaq, inkişaf etmək, azərbaycanlı azarkeşləri sevindirmək, milli komandaya da fayda vermək. O da bunu bacaracaq gücdədi. Yetər ki, sona qədər, özü də əzmlə çalışsın. Çox şey istəmirik ki?!

Amal Abuşov