Dünya 15:58 02.11.2023

Blinken Türkiyəyə gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə HƏMAS arasındakı müharibə ilə bağlı açıqlamaları fonunda ABŞ dövlət katibi Entoni Blinken noyabrın 5-i bazar günü Türkiyəyə səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Nəşrin məlumatına görə, xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı ilə görüşəcək və bu görüşdə İsraillə HƏMAS arasındakı müharibəni müzakirə edəcəklər.

Bazar ertəsi, oktyabrın 30-da iki nazir arasında telefon danışığı olub.

Qeyd edək ki, oktyabrın 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda minlərlə insanın iştirak etdiyi mitinqdə bildirib ki, "Qəzza zolağında törədilən qətliamda” ən çox Qərb məsuliyyət daşıyır.

Türkiyə prezidenti Qərbi "Qəzza zolağında uşaq, qadın və günahsız insanların qətliamını qanuniləşdirmək üçün öz siyasətçilərini və mediasını səfərbər etməkdə”, İsraili isə müharibə cinayətlərində və insanların "öldürülməsindən narahat olmamaqda” ittiham edib.

Buna cavab olaraq İsrailin xarici işlər naziri Eli Koen bildirib ki, o, Türkiyədə olan diplomatlarına İsrailə qayıtmağı əmr edib.

Nizami Bağırov