Dünya 15:41 23.02.2023

BMT Baş Assambleyasının sədri rus dilində Rusiyaya çağırış etdi

BMT Baş Assambleyasının sədri Çaba Körösi bildirib ki, Rusiya ümumi sabitliyə və rifaha töhfə vermək üçün Ukraynada "təcavüzü dayandıra" və "müharibəyə son qoya bilər".

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” məlumat yayıb.

"İcazə verin, Rusiya Federasiyasının liderlərinə və xalqına müraciət edim. Rusiya xalqlar birliyinin ən mühüm üzvü olub və olaraq qalır. Digər üzv ölkələr ümumi sabitliyə və rifaha töhfə vermək üçün Rusiyanın sülhün bərqərar olması və saxlanması yoluna qayıtmasını gözləyir”, - deyə Kyoryoşi rus dilində bəyanat verib.
O, həmçinin BMT-nin baş katibinə müraciət edərək qeyd edib ki, "hərbi qərarlar bu müharibəyə son qoymayacaq”. Baş Assambleyanın sədri ayrıca vurğulayıb ki, nüvə müharibəsi "potensial fəlakətli qlobal nəticələrə malik ağlasığmaz təhlükədir”.

"Nüvə müharibəsində qaliblər ola bilməz və bu müharibə heç vaxt başlanmamalıdır. <...> Mən qlobal tərksilah və nüvə silahlarının yayılmaması rejiminə sadiqliyi bir daha təsdiq etməyin təcili ehtiyacını vurğulayıram ", - Körösi deyib.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan dərhal sonra prezident Volodimir Zelenski Rusiyanı BMT Təhlükəsizlik Şurasından xaric etməyə çağırıb. "Mülki insanlara qarşı müharibə cinayətləri törədən dövlət BMT Təhlükəsizlik Şurasının üzvü ola bilməz”, - deyə Zelenski bildirib.

Ötən ilin dekabrında Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalı, orada üzvlüyünün dayandırılması mexanizmi tətbiq edilməlidir. Mişel Rusiyanı beynəlxalq hüququ pozmaqda ittiham edib və qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının üzvləri hərbi təcavüzə icazə verərsə, bu hüququn "qüsurları var”. Bununla belə, o etiraf edib ki, Təşkilatın Nizamnaməsini dəyişdirmədən Rusiyanı Təhlükəsizlik Şurasından çıxarmaq mümkün deyil.
Lakin BMT Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, hər hansı bir ölkənin təşkilatdan kənarlaşdırılması uzunmüddətli sülh axtarışına töhfə vermir.

Nizami Bağırov