Dünya 21:05 04.06.2023

BMT dünyada plastik çirklənməyə son qoymaq üçün beynəlxalq saziş hazırlayır

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) plastik çirklənmənin aradan qaldırılmasını nəzərdə tutan beynəlxalq müqavilə layihəsinin 2023-cü ilin noyabr ayına qədər hazırlanmasına qərar verib.

Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, UNESCO-nun Parisdəki mənzil-qərargahında 175 ölkənin nümayəndə heyətinin və QHT-lərin iştirakı ilə 2024-cü ilə qədər plastik çirklənmənin aradan qaldırılmasını hədəfləyən beynəlxalq razılaşmanın əldə edilməsi məqsədi ilə keçirilən ikinci danışıqlar mərhələsi dünən başa çatıb.

Fransa Xarici İşlər və Ekoloji Transformasiya Nazirliyindən verilən yazılı açıqlamada bu həftəki danışıqların nəticələri qeyd edilib.

Açıqlamada, qanuni qüvvəyə malik razılaşmanın əldə edilməsi üçün daha 3 müzakirə bölməsinin təşkil ediləcəyi, bunlara Keniya, Kanada və Cənubi Koreyanın ev sahibliyi etməsi qərara alındığı bildirilib.

Bəyanatda UNESCO-da aparılan danışıqlarda bəzi anlaşmaların əldə edildiyi, layihənin hazırlanmasının Beynəlxalq Danışıqlar Komitəsinin (BKK) sədri Qustavo Meza-Kuadra Velaskesə həvalə olunduğu qeyd olunub. Razılaşmanın növbəti mərhələsi Keniyanın paytaxtı Nayrobidə keçiriləcək. Nayrobidəki danışıqlar bölməsi 2023-cü ilin noyabrında baş tutacaq.

Müqavilənin məqsədi plastik məmulatların istehsaldan təkrar emala qədər bütün prosesinə nəzarət etmək və ətraf mühitin çirklənməsinin qarşısını almaqdır.

Aydın