Dünya 23:50 14.06.2023

BMT Suriya münaqişəsini II Dünya müharibəsi ilə müqayisə etdi - XƏBƏRDARLIQ

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) və İnkişaf Proqramı (UNDP) Suriya müharibəsinin insanlara təsirinin "astronomik” ölçülərə çatdığını bildirib.

Qaynarinfo xəbər verir ki, BMT-nin 3 təşkilatı Suriya ilə bağlı 7-ci Brüssel Konfransı çərçivəsində yazılı açıqlama verib.

Açıqlamada Suriyadakı müharibənin İkinci Dünya Müharibəsi ilə müqayisədə iki dəfə uzun sürdüyü, Suriya xalqı, qaçqınlar və qonşu ölkələr üzərində insani təsirinin  "astronomik” olduğu qeyd edilib.

Bəyanatda ölkədə 15 milyondan çox insanın humanitar yardıma və müdafiəyə ehtiyacı olduğu, 13 milyon insanın isə məcburi köçkün düşdüyü bildirilib.

Açıqlamada Türkiyə, Misir, İraq, İordaniya və Livanda 13,5 milyon insanın uzunmüddətli dəstəyə ehtiyacı olduğu vurğulanıb.

Dörd suriyalı uşaqdan birinin inkişafdan qaldığı ifadə edilən açıqlamada, "Beynəlxalq ictimaiyyətin maliyyə dəstəyinə böyük ehtiyac var” deyə xəbərdarlıq edilir.

Açıqlamada Suriya üçün açıqlanan yardım planlarının yetərincə maliyyələşdirilmədiyi diqqətə çatdırılıb, qlobal iqtisadi təzyiqlərin təsirinə baxmayaraq, Misir, İordaniya, İraq, Livan və Türkiyə beynəlxalq ictimaiyyət adına böyük bir yük götürdüyü qeyd edilib.

Aydın