Dünya 18:37 11.05.2023

Böyük Britaniya Ukraynaya Sevastopol və Krım körpüsünü vura bilən raketlər verdi

Britaniya Ukraynanı 250 km-dən çox məsafədə yerləşən hədəfləri vura bilən "Storm Shadow" qanadlı raketləri ilə təchiz edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Agents.media” CNN-ə istinadən yazır.

Agentliyin hesablamaları göstərir ki, belə bir məsafə Ukraynanın nəzarətində olan ərazilərdən Sevastopol və Krım körpüsü ərazisindəki hədəflərə çatmaq üçün kifayət edə bilər.

ABŞ-ın yüksək rütbəli məmuru CNN-ə bildirib ki, bu raketlərin çatdırılması hücum məsafəsi baxımından Ukrayna üçün oyunu dəyişdirir. Onun sözlərinə görə, onlar Kiyevə Ukraynanın müharibə başlayandan bəri istədiyi imkanları verirlər.

CNN-in mənbəsi bildirib ki, London Kiyevdən raketlərin yalnız Ukraynanın suveren ərazisində istifadə olunacağına və Rusiyanın dərinliklərinə doğru yönəlməyəcəyinə dair zəmanət alıb. Böyük Britaniya Krımı Ukrayna ərazisi hesab edir və rəsmilər dəfələrlə yarımadanı qeyri-qanuni işğal olunmuş adlandırıblar.

CNN qeyd edir ki, "Storm Shadow"un uçuş məsafəsi 250 km-dən çoxdur. Bu, onun Xersondan Sevastopola uçması üçün kifayətdir. Simferopol və Evpatoriya da onun fəaliyyət radiusunda olacaq.



Ukraynanın nəzarətində olan ən yaxın məntəqədən Krım körpüsünə qədər olan məsafə təxminən 257 km-dir.

"Storm Shadow” raketlərindən əvvəl Ukrayna 80 km-ə qədər məsafədə hücumlar həyata keçirə bilirdi - buna GMLRS raketləri və ABŞ-ın HIMARS sistemləri imkan verirdi. 

Bu, Londonun Kiyevə müasir silahların tədarükündə ilk belə hal deyil. Yanvarın 14-də Böyük Britaniyanın baş naziri Rişi Sunak Qərb ölkələri arasında ilk olaraq Ukraynanı müasir "Challenger 2” tankları ilə təmin edəcəyinə söz verdi. 11 gün sonra, yanvarın 25-də ABŞ prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinə "Abrams” tanklarının tədarük ediləcəyini açıqladı. Həmin gün Almaniya hökumətinin sözçüsü Steffen Hebestreyt Almaniyanın Ukraynaya Leopard 2 tankları tədarük edəcəyini açıqlayıb.

2022-ci ilin oktyabr ayından Ukrayna ABŞ-dan 300 km-ə qədər mənzilli ATACMS ballistik raketlərini tədarük etməyi xahiş edir.

Nizami Bağırov