Dünya 18:55 28.03.2023

Bolqarıstan Ukraynadan "müharibənin gedişatını dəyişəcək" addım ata bilər

Bolqarıstan çox güman ki, Ukraynaya 3-cü ölkələr vasitəsilə "böyük” sursat satacaq və bu da müharibənin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Euroactiv” ölkənin keçmiş müdafiə naziri Boyko Noyev bTV-yə müsahibəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Bolqarıstanın Müdafiə Nazirliyi təxminən 175 milyon avro dəyərində köhnə sursatları VMZ dövlət hərbi zavoduna təhvil verəcək və bunun müqabilində yenilərini alacaq. Boykonun sözlərinə görə, belə bir qərarın qəbul edilməsində məqsəd Bolqarıstan ordusunun anbarlarından böyük miqdarda köhnə sursatın Ukraynaya daxil olmasını təmin etməkdir.

"Bu, yaxın tarixdə Bolqarıstanın quru qoşunlarının ən böyük silahlanmasıdır. Bu, böyük miqdarda sursatdır - yüz minlərlə. Sursatların qiymətində böyük artım var və VMZ bu sursatları 3-cü ölkələr vasitəsilə Ukraynaya satacaq. Bu, Ukrayna cəbhəsindəki bəzi bölgələrdə müharibənin gedişatını dəyişə biləcək qədər sursatdır”, deyə o, vurğulayıb.

Bolqarıstan ordusunda Ukrayna Silahlı Qüvvələrinə tanklar, haubitsalar, tank əleyhinə qumbaraatanlar, Sovet reaktiv yaylım atəşi sistemləri, AK-47 avtomatları və s. üçün lazım olan sovet tipli sursat ehtiyatları var.

Bundan əvvəl "Euroactiv" müəyyən edib ki, Sofiyanın rəsmi açıqlamalarına baxmayaraq, Bolqarıstandan Ukraynaya milyardlarla avro dəyərində silah tədarükü dayanmayıb. Martın 27-də müdafiə naziri Dimitar Stoyanov bildirib ki, VMZ sxemi yalnız orduya "müharibə vaxtı təchizatını bərpa etmək üçün” razılaşdırılıb.

Nəşr yazır ki, üç gün əvvəl Bolqarıstan prezidenti Rumen Radev Sofiyanın Ukraynaya verilməmək şərti ilə digər Avropa ölkələrinə silah və sursat satacağını bəyan edib. Baxmayaraq ki, ölkə parlamenti dekabrda Bolqarıstan ordusunun birbaşa Kiyevə hərbi yardım göndərməsi ilə bağlı qərar verib. Radev bu qərara veto qoymayıb. 

"Euroactiv" izah edir: "Əgər sursat ordudan hərbi zavoda ötürülüsə, sonra 3-cü ölkələr vasitəsilə Ukraynaya aparılarsa, prezident Bolqarıstanın Kiyevə kömək etmədiyini deməyə davam edə bilər".

Nizami Bağırov