Xəqani Cəfərli
Texnologiya 13:59 12.01.2021

BP-dən sonuncu həyəcan zəngi - "TESLA”nın zəfər yürüşü

Xəqani Cəfərli

Çox yaxın zamanlara qədər neft-qaz emalı və hasilatı sahəsində dünyanın nəhəng şirkətlərindən olan "British Petroleum"un (BP) Anqola, Oman, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Azərbaycanı tərk edəcəyi ilə bağlı məlumat iqtisadiyyatı neft-qaz sənayesindən asılı ölkələr üçün sonuncu xəbərdarlıq olmalıdır.

BP-i üç böyük neft-qaz layihəsindəki payını bərpa olunan enerjiyə daha çox sərmayə yatırmaq məqsədilə satır. Məlum olduğu kimi, BP-i Azəri-Çıraq-Günəşli neft və Şahdəniz  qaz yataqlarının əməliyyatçısıdır.

"Tesla" şirkətinin təsis olunduğu 2003-cü ildə "ExxonMobil", "Royal Dutch Shell", "Chevron", "PetroChina", "Petrobras" və "Qazprom" kimi nəhənglərlə birlikdə BP dünya iqtisadiyyatının yönünü müəyyənləşdirən şirkətlərdən idi. Ancaq təxminən, 2011-ci ildən başlayaraq bu şirkətlər aparıcı mövqelərini itirdikləri kimi, dünyanın ən gəlirli şirkətlərinin siyahısında yuxarıdan aşağı yuvarlanmağa başladılar. Halbuki həmin il neft və qazın dünya bazarlarında ən bahalı olduğu dönəm idi. Ona görə də, neft-qaz istehsalı və emalı sahəsində ixtisaslaşmış şirkətlərin bu gün üzləşdikləri çətin vəziyyət neftin qiymətinin ucuzlaşması ilə bağlı deyil. Aydın görünür ki, BP-nin neft-qaz emalı və hasilatı sahəsindən çəkilməsinin neftin tükənməsilə də bağlılığı yoxdur.

"Daş dövrünün başa çatmasının yer üzündə daşın tükənməsi ilə" əlaqəsi olmadığı kimi, neft dövrünün başa çatması da neft və qazın tükənməsinin nəticəsi deyil. Əksinə, son illər neft ölkələri zaman-zaman neftin istehsalını azaltmaq məcburiyyətilə üzləşir.

BP-nin neft-qaz istehsalı sahəsini tərk edəcəyilə bağlı bəyanatından bir müddət öncə dünyanın ən zəngin fondlarından sayılan Norveç Neft Fondu (rəsmi adı Norveç Pensiya Fondu) neft, qaz və daş kömür hasil edən şirkətlərin səhmlərinə sərmayə qoyuluşunu kəskin azaldacağını, əvəzində isə bərpa olunan mənbələrdən enerji istehsal edən şirkətlərə daha çox sərmayə qoyacağını açıqlamışdı. Bütün dünyadakı səhmlərin 1.4 faizinə sahib olan Norveç Neft Fondunun neft, qaz və daş kömür hasil edən şirkətlərin səhmlərinə sərmayə qoyuluşunu kəskin azaldacağı barədə xəbərdarlığı, əslində, iqtisadiyyatı neft və qazdan asılı ölkələr üçün bir həyacan siqnalı idi. Ancaq ötən bir il göstərdi ki, iqtisadiyyatı neft və qazın hasilatından asılı ölkələr lazımi nəticəni çıxarmayaraq hansısa möcüzəyə ümid bəsləyirlər. BP-nin neft-qaz sferasını tərk etmək qərarı sonuncu xəbərdarlıq siqnalıdır.

Neft-qaz şirkətləri dünyanın ən bahalı şirkətləri siyahısında yuxarıdan aşağıya yuvarlandıqları bir zamanda avtomobil istehsalı sahəsində öndə olan şirkətlərin səhmlərinin ucuzlaşması da müşahidə olunur. Bu prosesin əksinə olaraq elektromobil istehsalında öncül olan "Tesla" şirkətinin səhmlərinin dörd rüb ardıcıl şəkildə gəlir verməsi və bunun nəticəsində bahalaşması müşahidə edilməkdədir. Cəmi 17 il əvvəl "Tesla" yaradılanda onun qurucuları daxili yanma mühərriki ilə işləyən maşın istehsalçılarına belə qısa zamanda ciddi rəqib olacaqlarını təsəvvür edə bilməzdilər. Ancaq "Tesla" qurulmasından 17 il sonra bütün avtomobil şirkətlərini ötüb keçərək, maşın istehsalı üzrə ən bahalı şirkətə çevrildi. Ötən ay "Tesla" əsası 1937-ci ildə qoyulmuş "Toyota Motors" avtomobil şirkətin ötüb keçərək liderliyə yüksəldi. Bundan bir neçə ay öncə isə "Tesla" Hitlerin təklifi ilə 1933-cü ildə yaradılmış "Volksvagen" avtomobil şirkətini ötüb keçmişdi. "Tesla"nın bu uğurlara imza atacağını əslində, üç il öncə proqnozlaşdırmaq olardı. 2017-ci ildə "Tesla" alman avtomobil sənayesinin öncüllərindən "BMW" şirkətini ötüb keçmişdi.

Bu uğurların son yox, yalnız başlanğıc olduğu da aydındır. Əgər 2020-ci ilin yanvarında "Volksvagen" şirkətinin prezidenti Herbert Diss Davos iqtisadi formunda "Tesla"ya çatacaqlarını və ötüb keçəcəklərini vəd etmişdisə, bir neçə ay sonra mövqeyini bir qədər dəyişərək İlon Maskın şirkətindən çox geri qalmamağa çalışacaqları haqqında açıqlama verdi.

"Tesla" isə ötənilki istehsal səviyyəsin bu il 30 faizdən çox artırmaq, istehsal həcmini 500 min elektromobilə çatdırmaq niyyətindədir. Bunun üçün "Tesla" artıq Texasda ikinci zavodunun inşasına başlayıb. Ostin şəhəri yaxınlığında inşa ediləcək bu zavodda ABŞ-ın Şərq ştatlarının əhalisi üçün Cybertruck elektopikapı və onun qoşqusu, eləcə də Model 3 və Model Y elektromobilləri yığılacaq. "Tesla"nın səhmlərinin bahalaşması və dörd rüb ardıcıl gəlir gətirməsi şirkətin sahibi İlon Maskın dünyanın ən zəngin beş şəxsindən birinə çevrilməsinə səbəb olub.

"Tesla"nın Almaniyada istehsal zavodu inşa etməyə başlaması isə alman avtomobil sənayesin daxili yanma mühərriklərdən imtinasını sürətləndirib. Alman avtomobil sənayesinin ürəyi adlandırılan "Mercedes-Benz" şirkəti "Tesla"nın elektromobilləri ilə rəqabət aparmaq üçün EQS elektromobilinin istehsalına başlamaq ərəfəsindədir. İki il sonra isə EQE elektromobillərin istehsalına start veriləcək.

"Tesla"dan geri qalmaq istəmədiyini bəyan edən "Volksvagen" şirkəti ID.3 elektromobili ilə uğur qazanacağına ümid bəsləyir. ID.3 elektromobili bir sıra üstünlüklərə malikdir və "Volksvagen" şirkəti bu elektromobilin rəqabətə davamlı olacağını düşünür.

"Mercedes-Benz" və "Volksvagen" kimi, "BMW", "Audi" və "Porsche" şirkətləri də daxili yanma mühərrikli maşınların dövrünün ötüb keçdiyini dərk edərək, bəşər tarixinin yeni inkişaf mərhələsinin məhsulu olan elektromobil bazarında özlərinə yer qazanmaq niyyətilə diqqəti elektriklə işləyəcək maşınların istehsalına yönəldiblər. Hər kəs anlayır ki, bu yolun dönüşü yoxdur və daxili yanma mühərrikli maşınların tarixə qovuşması yalnız zaman məsələsidir. Həm də söhbət çox yaxın zamandan gedir.

Paris, Brüssel və Madridin Avropa Birliyi icra orqanına qarşı dizel yanacağı işləyən avtomobillərə qarşı qadağaların tətbiqilə bağlı məhkəmə davası şəhərlərin qələbəsilə nəticələndi. Lüksemburq məhkəməsi dizel yanacağı ilə işləyən avtomobillərin yaşayış məntəqələrinə girişinin qadağan olunması ilə bağlı Paris, Brüssel və Madridin tələbini təmin etdi. Avropanın artıq bir çox iri şəhərlərinin məhkəməsi də yerli hakimiyyət orqanlarının qaldırdıqları məhkəmə iddiasını təsdiqləyərək dizel yanacağı ilə işləyən avtomobillərin şəhərə daxil olmasını qadağan edib. Almaniya hökuməti isə bu qadağaların alman avtomobil sənayesi üçün ağır zərbə olacağından qorxur. Ancaq Angela Merkel hökuməti də bu prosesləri dayandırmağın mümkün olmadığını, daxili yanma mühərrikli maşınların dövrünün ötüb keçdiyini anlayır.

Postsovet məkanında bir zamanlar avtomobil sənayesi ilə öndə olan Rusiyanın "Tesla" və ya digər elektromobillər istehsal edən şirkətlərlə rəqabət aparmağa hazır olmadığı tam çılpaqlığı hər kəsə aydındır. Rusiya da bir çox ölkələr kimi, avtomobilldən elektromobil dövrünə keçidi kənardan izləməklə kifayətlənməli, başqalarının istehsalından istifədə etməli olacaq. Rusiyadan fərqli olaraq Gürcüstan elektromobillərin istehsalına şərait yaratmağa çalışır. Kutaisidə Çinin "Changan” şirkəti ilə birlikdə elektromobil istehsalının əsası qoyulub. Gürcüstan Avropa Birliyi ilə əlverişli ticarət imkanlarından istifadə edərək bu elektromobilləri Avropaya ixrac etməyi də planlaşdırır.

Dünya gözlərimiz önündə sürətlə dəyişir. Çox yaxın zamanlara kimi neft yataqları uğrunda ölüm-dirim savaşı aparan BP neft-qaz emalı və hasilatı sahəsini tərk edir. Dünyanın dördbir yanında avtomobilləri satılan alman avtomobil sənayesinin elektromobil istehsal edən şirkətlərlə rəqabətə davam gətirə bilməməsi də məhz dünyanın sürətlə dəyişdiyinin nəticəsidir.