Siyasət 10:25 10.09.2023

Britaniya və Pakistan Qarabağdakı qondarma “seçkilər”i tanımır

Böyük Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər”i tanımır".

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkəsində paylaşım edib.

"Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezident seçkiləri”ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", - səfir qeyd edib.

Pakistanın Xarici İşlər Nazirliyi də Azərbaycanın Qarabağ bölgəsindəki "seçkilər"i pisləyib:

"Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”, - nazirliyin mətbuat katibi Azərbaycan ərazisində keçirilən qondarma "seçkilər"lə bağlı sualı cavablandırarkən deyib.