Dünya 13:44 28.09.2023

"Bu baş versə, daha Rusiyanı dayandırmaq mümkün olmayacaq" - Politoloq

"Lavrovun ölkəsinin "reallıqları nəzərə almaqla” danışıqlara hazır olduğunu açıqlaması Rusiyanın Kiyevdəki hakimiyyəti devirmək gücündə olmadığını etiraf etməsi deməkdir". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya XİN rəhbəri Sergey Lavrovun mövcud reallıqları nəzərə almaqla ölkəsinin Ukrayna məsələsində danışıqlara hazr olduğu barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

Politoloq həmçinin bildirib ki,həmin açıqlama həm də Kremlin Ukraynanın NATO-ya üzv olmasının qarşısını ala bilməyəcəyinin göstəricisidir. 

"Çünki Rusiyanın gücü o səviyyədə deyil. Bu reallıqları nəzərə almaqla XİN rəhbəri indiyə qədər işğal olunan torpaqların Moskvanın xeyrinə rəsmiləşdirilmə və tanınmasını istəyir. Reallıq ondan ibarətdir ki, Zaporejye və Xerson vilayətinin bir hissəsi, Donbass, Krım, Melitopol, Berdyanski kimi strateji şəhərlər indiki vəziyyətdə Rusiyanın nəzarətindədir. Sərhədlər qoşunların dayandığı indiki vəziyyət əsasında qoyulması və bu ərazilərin Rusiyanın tərkib hissəsi kimi tanınması şərtilə Moskva sülh müqaviləsi imzalamağa hazırdır. Ancaq Ukrayna buna hazırdırmı? Qətiyyən.
 


Lavrovun dedikləri onu göstərir ki, həmin şərtlərin razılaşdırılması fonunda, bir müddət sonra Rusiya öz mövqeyini gücləndirəndən sonra Qərbə qarşı daha aqressiv davranmağa başlayacaq. Çünki indiki vəziyyətə məsələlərə Qərb-Rusiya qarşıdurması kontekstində nəzər yetirməliyik. Belədə, müharibə Lavrovun dediyi şərtlər əsasında bitərsə, bu Rusiyanın Qərb dünyası üzərində qələbəsi anlamına gələcək. Ondan sonra da Rusiyanı dayandırmaq mümkün olmayacaq. Ona görə də müharibəni zamanında başladanlar zəhmət çəkib Ukraynanın qələbəsini təmin etməlidir. Əks təqdirdə, onun bədəlini bütün Avropa ödəyəcək. Ona görə də indiki vəziyyətdə Ukraynadakı proseslərin Rusiyanın istəyilə tamamlanacağını düşünmürəm. Qərb də hələlik buna hazır deyil. Müharibə 2024-cü ilin yazında yenidən davam edəcək”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində Moskvanın "reallıqları nəzərə almaqla” danışıqlara hazır olduğunu açıqlayıb. Lavrov bildirib ki, Moskva Ukrayna hərbi münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə tamhüquqlu danışıqlara hazırdır. Bununla belə, onun sözlərinə görə, Rusiya Federasiyası üçün danışıqların "yerdə mövcud reallıqlar nəzərə alınmaqla” aparılması vacibdir. 

Rüfət Sultan