Hüseynbala Səlimov
Siyasət 11:33 29.05.2023

Bu həftə Ermənistanla saziş imzalanacaqmı?..

Bəri başdan etiraf edək ki, hətta Vaşinqton və Brüssel görüşlərindən dərhal sonra baş tutan Moskva görüşlərilə bağlı müəyyən ümidlər vardı – belə ehtimal edilirdi ki, burada qlobal saziş olmasa da, hər halda, onun bəndlərilə bağlı müəyyən razılaşmalar əldə etmək mümkün olacaq. Bu da səbəbsiz deyildi.

Birincisi, bəlli olduğu kimi, Moskvada əvvəlcə xarici işlər nazirlərinin görüşü baş tutdu. Qeyd edək ki, belə görüşlər adətən hazırlayıcı, istiqamətləndirici xarakter daşıyır – baş diplomatlar liderlərin razılığa gələcəyi məsələlər üzrə hazırlıq işləri görürlər.

İkincisi, Mosvada da tərəflərin biri-birinin ərazi bütövlüyünü tanıması haqqında bəyanatlar səsləndi. 

Bu isə bir daha belə ehtimal yaratdı ki, tərəflər ən azı demarkasiya və delimitasiya məsələlərilə bağlı, bir də Zəngəzur dəhlizi bağlı razılığa gələ bilərlər. Yada salaq ki, Rusiya heç də Zəngəzur dəhlizinin əleyhinə deyil, amma ümid edir ki, bu dəhlizin təhlükəsizliyinin təmin olunmasını ona tapşıracaqlar. 

Sonuncunu isə İrəvan istəmir, baxmayaraq ki, Ermənistanın sərhədlərini Rusiya qoşunları qoruyur. Odur ki, belə güman edilir ki, Zəngəzur dəhlizini Rusiyanın üzünə Qərb bağlayır. Ona görə ki, hazırda hər yerdə Rusiya ilə Qərb arasında ciddi qarşıdurma yaşanır.

Üçüncüsü, hələ Vaşinqton və Brüssel görüşləri zamanı qeyd olunurdu ki, iyunun birində Kişinyovda nəsə imzalana bilər. Bu görüş geniş tərkibli olmağı vəd edir. Burada Fransa prezidenti və Almaniya kansleri iştirak edəcək, İrəvan üçün daha bəhanə yeri qalmayacaq. Azərbaycanda da əvvəllər qeyd olunurdu ki, Almaniya da Minsk Qrupunun həmsədrliyinə cəlb olunsun. 
Bir daha qeyd edirik ki, Kişinyovda bizim Almaniyanı da sınamaq şansımız olacaq – görək, Avropanın iqtisadi nəhənginin geosiyasi səyləri hara tuşlanacaq, onun diplomatik qabiliyyəti hansı səviyyədə olacaq.       
    
Dördüncüsü, həm də belə mülahizələr var ki, Moskvada sazişin imzalanmaması heç də təsadüfi deyil, çünki Kreml tərəfləri Moskvaya bir araya gətirmək üçün yox, əksinə onlar arasında ziddiyyətləri artırmaq üçün dəvət etmişdi, baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin də qeyd etdi ki, ən əsas məsələ budur ki, tərəflər biri-birinin ərazi bütövlüyünü tanıyır. 
Sonuncu Rusiyaya da müəyyən qədər kart-blanş verir. Bəli, o, Dağlıq Qarabağ üçün Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil etməyən status ala və bununla da separatçı bölgədə özünün mövcudluğunu təmin edə bilər. 

Amma Kişinyovda heç bir sənədin imzalanmayacağı ilə bağlı da gümanlar var. Birincisi, hələ Vaşinqton görüşü zamanı Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, Kişinyovda tərəflər arasında sülh sazişi imzalansa, o, buna şad olar. İkincisi, nazirlərin Moskva görüşü zamanı Rusiya mənbələri qeyd edirdi ki, tərəflər ilin sonunda İspaniyanın Qranada şəhərində də görüşə bilər. Bu isə o deməkdir ki, hələ sülhə xeyli məsafə var...

Bir sözlə, Kişinyov görüşünə belə mürəkkəb şəraitdə gedilir. Heç kim dəqiq bilmir ki, qarşıda tərəfləri nə gözləyir. Daha bir problem erməni tərəfinin öz sözünə və imzasına sədaqətidir. Bir neçə həftə bundan əvvəl erməni baş naziri dedi ki, sülh sazişindən bir gün sonra da müharibə ola bilər. Bu o deməkdir ki, saziş imzalamaqla guya Ermənistan heç nə itirmir – Qərb İrəvanı buna məcbur eləsə belə sonuncu özündə revanş imkanlarını saxlayır...

Sonda nə demək olar? Belə demək olar ki, hazırda erməni cəmiyyəti müharibə istəmir. Ermənistanın baş naziri əsas kimi bunu götürməlidir – kilsə nə deyir, müxalifət hansı havanı çalır və diasporalar nə tələb edir, bunlar heç də əsas deyil. Nikol daha çox ona çalışmalıdır ki, cəmiyyət ondan üz çevirməsin, yox, əgər əksinə olsa, müxalifətin işi asanlaşacaq...
 
Hüseynbala Səlimov