Ölkə 15:32 05.08.2022

Bu məsuliyyəti dərk etsək, "reket jurnalistika"nın kökünü kəsə bilərik...

(Yazı "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)

Çağımızda informasiya əlahiddə silahdır. Müasir innovativ texnologiyalar və internet resursları informasiyanın funksionallığını və tətbiqi siferasını sərhədsiz edib. 

Mediatik alətlər və vasitələr həm pozitiv, həm də neqativ istiqamətdə ən müxtəlif məqsədlər üçün universal vasitəyə çevirilib. Milli medianın əsas vəzifələrindən biri isə hazırda informasiyayanın gücünü milli maraqlar uğrunda səfərbər etməkdən ibarət olmalıdır. Bu mənada Azərbaycan milli mətbuatı və informasiya məkanı Azərbaycan dövlətinin və cəmiyyətinin informasiya təhlükəsizliyini təmin edən əsas ictimai-siyasi institutdur.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan mətbuatı bütün imkanlarını səfərbər edərək cəmiyyətdəki ictimai münasibətlərin sağlamlaşmasına xidmət etdi:



"Eyni zamanda media sahəsində köklü islahatlar aparılıb, yeni qanunlar qəbul edilib. Ancaq bütün bunlara baxmayaraq, çox təəssüf ki, bəzi hallarda informasiyanın manipulyasiyası ilə əlaqədar fərqli nümunələr də gördük. Bunlar, əlbəttə, yolverilməzdir. Azərbaycanın informasiya məkanının keyfiyyətinə mənfi təsir göstərən bütün hallara qarşı mübarizə aparmaq lazımdır. Bu prosesdə iştirak edən bütün subyektlər həm hüquqi məsuliyyətə cəlb edilməli, həm də ictimai qınağa məruz qalmalıdır. Elə etmək lazımdır ki, mətbuatımızın nailiyyətləri gözdən düşməsin və buna çalışan qüvvələr öz məqsədlərinə çata bilməsinlər. Mətbuat kifayət qədər böyük gücdür və informasiya təhlükəsizliyimizi qoruyan institut kimi belə hallara qarşı mübarizədə səmərəli nəticə əldə edə biləcək potensiala malikdir. Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı dövlətimizin başlıca prioritetlərindən biridir”.

Hikmət Babaoğlu bu azadlıqların çox ciddi konstitusion əsasları olduğunu vurğulayıb:

"Eyni zamanda hər bir informasiya mənbəyi, hər bir informasiya daşıyıcısı hüquq qarşısında məsuliyyət daşıyır. Bu baxımdan hər bir informasiya daşıyıcısı, informasiyanı manipulyasiya etmək istəyən hər bir şəxs başa düşməlidir ki, bunun hüquqi məsuliyyəti var. Deməli, hüquqi məsuliyyət yaradan addımlarla bağlı cəza tədbirləri də görülə bilər. Bu məsuliyyəti dərk etsək, "reket jurnalistika"nın kökünü kəsə, informasiyanı manipulyasiya aləti kimi istifadə etmək istəyənlərə qarşı uğurlu mübarizə apara bilərik”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət hesab edir ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, dəyərlərin ayaqda durması və inkişaf etdirilməsi ilk növbədə dövlətin müəyyənləşdirdiyi qanunlardan və şəraitdən asılıdır:



"Konistitutsiya başda olmaqla qanunvericilik  bunun üçün likin şəariti yaratmalıdır. Lakin deyilən məsələ heç də problemin kökündən həlli demək deyil. Niyə? Ona görə ki, azadlıqların, dəyərlərin ayaqda dura bilməsi üçün həm də cəmiyyətin ayrı-ayrı fərdlərin də onları dərk eləməsi, onlara uyğun məsuliyyətlə yanaşması lazımdır. Azərbaycanda müəyyən mənada dövlətin qanunvericiliyinin hər hansı probleminin olmadığını deyə bilərik. Bu sahədə problem yoxdur. Dövlət qanunvericilik bazasını yetərincə təkmil bir şəkildə vətəndaşlara təqdim edib. Digər tərəfdən həmin qanunlara əməl etməli olan vəzifə sahibləri dövlət qurumları ilə bağlı problemlər var. Özü də az deyil, bəzən həddən artıq da çox olur”.

Azər Həsrət deyir, məsələnin sevindirici tərəfi odur ki, bu problemlər ali iradə ilə dövləti idarə edən birinci şəxs Przidentlə bağlı deyil:

"Yəni aşağılardadır. Digər tərəfdən isə vətəndaşlarmızın təəssüflər olsun ki, məsuliyyət düşüncəsi bəzən olduqca aşağıdır, yəni insanlar azadlq, özlərini sərbəst şəkildə ifadə etmək istəyirlər. Bunun üçün qanunların mövcudluğunu tələb edirlər, haqlıdırlar. Amma bu şərait yaradılqıqda da azadlıqlardan məsuliyyətlə istifadə etmək problemi var. Hətta mən deyərdim ki, azadlıqlardan su-istifadə etmək problemi var. Bu baxımdan deyə bilərik ki, Azərbaycan dövləti qanunvericilik bazasında yetərincə irəli, yəni mütərəqqi bir şəraiti yaradıb, vətəndaşlarımızın isə məsuliyyətlə bağlı problemi var”.

Azər Həsrət bu problemin aradan qaldırılması üçün maarifləndirici işlərin aparılmasını önə çəkib:

"Eyni zamanda dövlətin məsul vəzifələrində olan, hətta mən deyərdim, nazirlər, deputatlar, icra hakimiyyətlərinin başçıları, məhkəmələr və s. qurumlarda da həmin qanunlara  uyğun davranış qaydalarının təbliğ edilməsi və öyrədilməsinə ehtiyac var. Söhbət hamıdan getmir. Bunu bilən və işinə məsuliyyətlə yanaşanlar da var. Amma ümumi çoxluq bu dəyərlərə uyğun davranmır”.

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.