Dünya 17:12 31.01.2024

Bu üç Avropa dövləti hərbi dəhliz yaratmaq barədə razılığa gəldi

Niderland, Almaniya və Polşa ilə hərbi dəhliz yaratmaq planlarına dair bəyannamə imzalayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren X sosial şəbəkəsində məlumat verib.

"Hərbi personalı və texnikanı daha sürətli və daha səmərəli şəkildə daşımaq üçün bizə "hərbi Şengen” lazımdır. Bu, Avropanı daha güclü edəcək. Biz mühüm addım atdıq: Polşa, Almaniya və Niderland hərbi dəhlizin yaradılması haqqında bəyannamə imzaladılar”, - deyə xanım Ollonqren yazıb.
Saziş çərçivəsində, xüsusilə, sənədləşmə işlərinin azaldılması və hərbi hərəkətlər üçün şərtlərin standartlaşdırılması nəzərdə tutulur. Sərhədi keçmə prosedurlarının sadələşdirilməsi və hərbi karvanlar üçün qaydaların sayının azaldılması da nəzərdən keçirilir.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında NATO Maddi-texniki təminat komandanlığının rəhbəri general Aleksandr Solfrank Rusiya ilə hərbi münaqişə vəziyyətində alyansın hərbçilərinin blokun hər yerində sərbəst hərəkətinə icazə verilməsi imkanının nəzərdən keçirilməsini təklif edib. "The Times” yazır ki, NATO iyula qədər "hərbi Şengen”in yaradılmasını elan edə bilər. 

Nizami Bağırov