Sağlamlıq 19:05 15.08.2023

Bubon taunu: Nə qədər təhlükəlidir və yayıla bilərmi?

"Belə infeksiyalar yayılarsa, həm böyük insan tələfatı, həm əlavə xərclərə və başqa problemlərə səbəb ola bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybula bubon taun infeksiyasından danışarkən deyib. Professor taunun 4 karantin infeksiyasından biri olduğunu vurğulayıb: 

"Taundan zamanında xeyli pandemiyalar baş verib. Bu pandemiyalar böyük insan təlafatı ilə müşaiət olunub. Xüsusi ilə də orta əsrlər dövründə bunlar daha çox vüsət alıb. Ona görə bu karantin infeksiyalarından biri hesab olunur”. 



Adil Qeybulla bunun həddən artıq da təhlükəli infeksiya olduğunu əlavə edib:

"Düzdür, hazırda antibiotiklər erasında taunun qarşısını almaq və onu lokallaşdırmaq imkanları var. Amma bununla belə, onun qarşısı alınmasa, qısa müddətdə böyük bir müstəvini əhatə edə bilər. Bubon taunu zamanı bədəndə şişkinliklər əmələ gəlir. Digər forma ağciyər taunudur. Bubon taununda ölüm halları yetərincə çoxdur".

Həkimin sözlərinə görə, belə hallar baş verdikdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təcili karantin tədbirləri görülməli və infeksiya yerində lokallaşdırılmalıdır ki, yayılmasın. 

Qeyd edək ki, marmot əti yeyən 3 manqol bubon taununa yoluxub. Bubon taunu vəhşi gəmiricilər üzərində yaşayan birə tərəfindən ötürülən bakterial xəstəlikdir. ÜST-ün məlumatına görə, müvafiq tədbirlər görülməzsə, xəstəlik 24 saatdan az müddətdə yetkin bir insanın ölümünə səbəb ola bilər. 



ARAYIŞ: Monqolustanın paytaxtında bubon taununa üç ehtimal yoluxma halı qeydə alınıb. Bu barədə bazar ertəsi ölkənin Zoonoz İnfeksiyaların Tədqiqi üzrə Milli Mərkəzi məlumat yayıb.

"Qeydiyyata alınan üç ehtimal olunan hadisə Monqolustanın şərqindəki Xentiy və Suxbatar əyalətlərində bu yaxınlarda marmot əti yeyən insanlardır. Hazırda diaqnozu təsdiqləmək üçün PCR tədqiqatı aparılır", deyə rəsmi məlumatda bildirilir.

Avqustun əvvəlində Ulan-Batorda ilk dəfə olaraq bubon taununun epidemiyası qeydə alınıb. 

Bubon taunu marmotlar kimi vəhşi gəmiricilər üzərində yaşayan birə tərəfindən ötürülən bakterial xəstəlikdir.  İnkubasiya dövrü 2-6, nadir hallarda isə 1-12 gün olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, müvafiq tədbirlər görülməzsə, xəstəlik 24 saatdan az müddətdə yetkin bir insanın ölümünə səbəb ola bilər.

Bahar Rüstəmli