Ölkə 16:53 20.10.2023

Büdcəyə 192 min manat ziyan vuran direktorla bağlı qərar verildi

Tovuz Peşə Liseyinin sabiq direktoru Tanrıverdi Tanrıverdiyevlə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, 2021-ci ilin noyabr ayında Tovuz Peşə Liseyinin direktoru Tanrıverdi Tanrıverdiyevin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Elə həmin il iş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Tanrıverdi Tanrıverdiyevə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.1-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan olunub. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

2023-cü ilin oktyabrın 17-də keçirilən məhkəmə Tanrıverdi Tanrıverdiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, 2016-cı ildə təhsil nazirinin əmri ilə direktor vəzifəsinə təyin olunub. Onun əsas vəzifəsi tədris müəssisəsinə rəhbərliyi həyata keçirmək, tədrisin təşkili, kadrların seçilməsi, liseydə təlim tərbiyə və ideoloji işlərin təşkilindən ibarət olub. Lakin uzun müddət davam edən ibtidai araşdırma və məhkəmə baxışı zamanı işdən çıxarıldığı və əmlakları üzərinə həbs qoyulduğu üçün dövlətə vurulmuş ziyanı ödəyə bilməyib. Hazırda bir neçə ağır xəstəlikdən əziyyət çəkir və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə dövlət Agentliyinin nümayəndəsi sabiq direktorun 191 994,88 manat dövlət büdcəsinə ziyan vurduğunu açıqlayıb. 

Məhkəmənin qərarı ilə Tanrıverdi Tanrıverdiyev Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.1, 313 və 314.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib. Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Əhməd