Gülşən Mehdiyeva
Ölkə 14:58 04.12.2017

Buludlar

Gülşən Mehdiyeva 

Bədənimi çevirmək istəyəndə boynum vaxtından əvvəl və sürətlə tərpəndi. Kəskin ağrı hiss edərək hərəkət prosesini dayandırdım və boynumun burxulmağına mane oldum. Ağrı keçəndə ətrafımda böyük bir çevrə və 2 nəfəri gördüm, anam və bacım. Hər üçümüz bu çevrə ilə əhatələnmişdik. Anam əlində süpürgə həyəti süpürməyə başlamaq niyyətində idi. Bacım ona mane olacaq şəkildə ətrafında dövr edir, tullanır, uşaqlara məxsus şəkildə əylənirdi.

Dəqiq xatırlamıram, amma yaşım 5-dən az idi, 3, bəlkə də 4. O anda donub qalmışdım, işləyən ancaq beynim idi. Öz-özümə dedim:

- Mən yaşayıram, mən həyatdayam, bu şəxslər mənim anam və bacımdır.

Bu vaxta qədər yaşadığımı dərk edir, lakin ötən 3-4 ili xatırlamırdım. Sanki bu illər kitabın ilk səhifələri idi, var idilər, kitabın tərkib hissəsi idilər, amma ora ya tamamilə boş, ya da çox az informasiya ilə dolu idi. "Mən yaşayıram” deyəndə, əsas hekayə başlamışdı elə bil. Dünyadakı müstəqil fiziki mövcudluğumun başlanğıcı dekabr ayıdır, amma varlığımı dərk elədiyim o dəqiqə isti və tozlu yay gününə təsadüf edirdi. Anamın su səpmədən həyəti süpürməsi və hər yeri toz etməsi, digər tərəfdən yandıran günəş. Burnumu, dodağımı, əllərimi, nəfəsimi, yaşamaq eşqimi qurudan ən sevmədiyim cütlük: toz və günəş.

Amma səma tozsuz, tünd mavi rəngdə idi və ağappaq buludlarla dolu idi. Günəş işığı buludların üstünə düşürdü, onları yerə daha yaxın və cazibədar göstərirdi. Əhatələndiyimiz çevrəni tərk etdim, həyətdəki tikilinin yanındakı pilləkənlərlə yuxarı qalxdım. Bacım və anamın "Hara çıxırsan?! Düş aşağı, yıxılarsan” sözlərinə məhəl qoymadan qonşunun bir az daha hündür evinin üstünə birtəhər qalxdım. Yıxılmayacağıma əmin yerdə dayanıb barmaqlarımın üstünə qalxdım, əvvəlcə sağ, daha sonra isə sol əlimi yuxarı qaldırdım. Boğazımı yuxarı dartaraq daha yüksəyə qalxacağıma ümid etdim, amma tez əvvəlki vəziyyətimə qayıdıb aşağı boylanıb, anamdan niyə əlimin göyə çatmadığını soruşmaq istədim. Dayandım, bunun mümkünsüzlüyünü başa düşdüm.

Həyatımın xatırladığım ilk anlarından biri də 5 yaşım tamam olan gündür. Səhər saat 7-də oyanıb paltarlarımı heç kimin köməyi olmadan geyinib soyuducuya doğru qaçmış, soyuq və buludlu qış günündə soyuducunun qapısını açan zaman gələn sərinliyi daha yaxşı hiss eləmişdim. Ad günü tortumu tapıb bu günə qədər tərgitmədiyim hərəkəti etmişdim: Tortun qırağındakı soyuq kremdən barmağımla götürüb ağzıma qoymuşdum. O anda səma və bulud rəngindəki diş məcununun yaratdığı sərinliyə bənzər hissi bütün varlığımda hiss etdim. Bütün gün daxilimdə xoş sərinlik, sifətimdə müsbət reaksiya görəcəyimə ümid edən təbəssümlə hamıya "Bu gün mənim 5 yaşım tamam olur!” demişdim.

Ötən bazar günü hava günəşli, səma topa buludlarla dolu idi. Avtobusda yer tapıb oturdum. Telefonda "John Mayer”in "Gravity” mahnısına qulaq asa-asa həmişəki heyranlıqla buludlara baxmağa başladım. Uzun müddət idi göyə belə diqqət və emosiyalarla baxa bilməmişdim. Topa-topa düzülmüş, qalın və yumşaq görünüşlü idilər. Bəzi hissələri sərin şəlaləni xatırladır, dayanmadan axır, bəzi yerləri buzlaqa oxşayır, aktiv həyatına davam etmək üçün Günəş işığının yolunu gözləyirdi. Sanki üstündə ayrı dünya var, kimlərsə orada oturub bizi izləyir. Yumşaq buludların üstündə bardaş qurub üzümə düşən parlaq Günəş işığını sevinclə qəbul edib yerə baxmaq istədim. Qulaqlıqdan isə "Gravity is working against me, and gravity wants to bring me down” cümlələri səslənirdi.

Varlığımı dərk elədiyim ilk gün yenə yadıma düşdü. Həmişəki kimi o yaşda elə cümlə qurmağıma, "Mən yaşayıram” deməyimə təəccübləndim. Düşünməyi ilbəil, hətta günbəgün yadırğadığım bu dövrdə bu fakt daha möcüzəvi görünür.

Günəşli bazar günündən 1 həftə keçib. Gün ərzində dayanmadan yağış yağıb, hələ də davam edir. Bu gün şəxsi həyatdakı uğursuzluqlarım bəs deyilmiş kimi maddi problemlərin daha da dərinləşəcəyini öyrənmişəm. Amma metrodan marketə doğru olan 10 dəqiqə piyada yolu problemləri düşünmədən, sifətimdə qarşısını ala bilmədiyim, üz əzələlərimi ağrıdan dərin gülümsəmə ilə, yağışa məhəl qoymadan getdim. Marketə çatanda, tamamilə islanmışdım, ancaq bu fakt sifətimdəki ifadənin dəyişməsinə mane ola bilmirdi. Hamı mənə baxırdı. Əsasən heç kimin diqqətini cəlb etməyən, kiçik nəzərdən belə narahat olan mən insanlara məhəl qoymadan səbətimi yağ, süd, qatılaşdırılmış süd və s. ərzaqlarla doldurdum. Bir neçə gün sonra səhər saat 7-də ad günü tortumu "barmaqlamaq” üçün oyanacam və təbrik məqsədilə verilmiş "Bu gün sənin ad günündür?” sualını daha çox eşitməyə ümid edəcəm.

Bilmirəm, hazırda kitabın hansı hissəsini yaşayıram. Yəqin ki, sözlərlə dolu hissələridir, səhifələrdə ağ boşluqlar daha azdır. Bildiyim tək şey, bu sözlər buludları tez-tez görməyimə, onlara toxunmaq istəyimə mane olur. Amma tez-tez yağış yağır və mən əslində buludlara toxuna bilirəm.