Ölkə 18:32 13.03.2023

Buraxılış imtahanları ciddi narazılığa səbəb oldu - Vəziyyətdən çıxış yolu nədir? (ŞƏRH)

"Şagirdlər haqlı olaraq etiraz səslərini qaldırıb. Orta məktəblərdə 11-ci sinif şagirdlərinin buraxılış imtahanı ilə bağlı ciddi qərarlar qəbul olunmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov orta məktəblərdə martın 12-də keçirilən buraxılış imtahanlarına düşən sualların çətinliyi ilə bağlı şagirdlərin keçirdiyi etiraz aksiyasına münasibət bildirərkən deyib. 

Ekspert bildirib ki, martın 12-də DİM tərəfindən 11-ci sinif bazasında keçirilən buraxılış imtahanları ilə martın 5-də keçirilən imtahanların sualları arasında böyük fərq müşahidə olunub:
 
"Suallar çox çətin idi. Yadımda qalan sulları təhlil edəndə görürük ki, 2 saat ərzində bu tipli suallara cavab vermək mümkün deyil. Xüsusi ilə Azərbaycan-dili fənnindən təqdim edilən mətin tipli və riyaziyyatdan verilən açıq, situasiya tipli sullar şagirdləri daha çox vaxt itkisinə gətirib çıxardır. Buna görə də şagirdlər haqlı etirazlarını bildirməyə başlayıblar. Keçirilən imtahanlar şagirdlərin gələcəkdə ali məktəbə qəbul olunması ilə bağlı böyük əhəmiyyət kəsb edir. Burada toplanan ballar blok imtahanında toplanan balların üzərinə gələcək. Bu da ciddi faktordur”. 



Kamran Əsədov qeyd edib ki, DİM bu gün imtahan verən şagirdlərin pandemiyadan çıxdığını nəzərə almalıdır:
 
"DİM nəzərə almır. Şagirdlərin hamısı eyni bilik və bacarıqlara malik deyil. Şagirdlərin və valideynlərin digər haqlı etirazları ondan ibarətdir ki, DİM orta məktəbi bitirən bütün şagirdlərin hər birini eyni səviyyədə imtahan edir. Biz bilirik ki, bu gün şagirdlər orta məktəblərdə bilik əldə etmirlər. Onlar ali məktəblərə girmək üçün əlavə müəllim və hazırlıq kurslarına gedirlər. Bu gün əldə olunan nəticələr həmin əlavə təhsilin hesabına baş verir. Biz 1, 2, 3, 4-cü qrup abituriyentindən Azərbaycan - dili və xarici dilləri soruşuruq. Amma 3-cü qrupla 1-ci qrupun abituriyentindən eyni səviyyədə Azərbaycan - dilini soruşa bilməzsiniz. 4-cü qrupa getmək istəyənlər abituriyentdən ciddi şəkildə ingilis - dilini, Azərbaycan - dili, riyaziyyat soruşuruq. Bu düzgün deyil”.

Kamran Əsədov hesab edir ki, bütün bunlardan sonra şagirdlərə güzəşt olunmalıdır. 

Qeyd edək ki, martın 12-də orta məktəblərdə buraxılış imtahanları keçirilib. İmtahana düşən sualların çətinliyini görən abituriyentlər etiraz aksiyası keçirib. Onlar DİM və Elm və Təhsil Nazirliyinə sulların yüngülləşdirilməsi üçün müraciət ediblər. 

Bahar Rüstəmli