İdman 09:02 24.06.2022

Cavid Hüseynov: “Şamaxı” məsələsi..."

Azərbaycan millisinin sabiq üzvü Cavid Hüseynovun hazırda rəhbərlik etdiyi "Cəbrayıl" UEFA Region Liqasında yarışır. Azərbaycanda Region Liqasının qalibi olan bölgə təmsilçisi indi də ölkəni qitə miqyaslı yarışlarda təmsil edəcək. Bəs veteran futbolçu komandasını bu yarışa necə hazırlayıb?
 
Qaynarinfo-ya "Cəbrayıl"la bağlı fikirlərini bildirən Hüseynov karyerası və qarşdakı planlarından da danışıb:
 
"Şamaxıda təlim-məşq toplantısındayıq. Yeni komanda formalaşdırmışıq. UEFA-nın reqlamentinə əsasən çempion olan komandamızdan 4 nəfəri saxladıq, qalan bütün heyəti dəyişdik. Demək olar köklü dəyişiklik etdik. Ayın 12-dən UEFA Region Liqasına hazırlaşırıq. Rəqibimiz Belarus komandası "Kolos”dur. Müəyyən çatışmazlıqlarımız var. Buna baxmayaraq, inşallah, oyuna hazır olacağıq”.

Hüseynov rəqibi analiz edib-etmədikləri haqda suala belə cavab verdi: 

"Kolos”la bağlı çox da məlumat əldə edə bilməmişik. Ancaq bilirik ki, əsasən hava toplarından istifadə edirlər. Biz də buna uyğun hazırlıq görmşük”

Məşqçi "Cəbrayıl”ın bu çempionatdakı potensialından da danışdı:

"Adətən rəqibləri analiz etdikdən sonra bilinən bir məsələdir. Hazırda heç bir rəqib haqda məlumatımız yoxdur. Həvəskar liqa olduğu üçün, heyət də həvəskar futbolçulardan ibarətdir. Bizim də komandamızın dağılıb yenidən formalaşdırılması bununla əlaqədardır. Heç bir klub peşəkar, Birinci, İkinci Divizionda yaxud ölkənin əsas çempionatında çıxış etmiş, peşəkar müqaviləsi olmuş futbolçular oynada bilməz. Məlumatsızıq, buna baxmayaraq maksimum yaxşı çıxış etməyə çalışacağıq. Heyətə gəlincə, 15-20 günə formalaşdırılan komanda necə ola bilər ki? Çətindir, amma bir tərəfdən alnımıza yazılıb. İşimizi sevdiyimiz üçün bu elə də çətinlik yaratmır”.

Karyerası ilə bağlı yenilik, təklif olub-olmadığı haqda suala da cavab verən veteran futbolçu bunları söylədi:

"Karyeramla bağlı 3 təklifim var. Amma bu haqda heç nə danışmaq istəmirəm. Çünki oyunlara köklənmişəm. Bu haqda oyunlar bitəndən sonra nəsə danışa bilərik”.

Son vaxtlar "Şamaxı” ilə adı hallanan və bölgə təmsilçisinin baş məşqçisi olacağı deyilən Hüseynov sualımıza belə cavab verdi:

"Şamaxı” məsələsi haqda heç bir məlumat verə bilmərəm”.

Cavid hazırda "B” kateqoriyasına malik olduğunu da bildirdi:

"Hazırda "B” kateqoriyasına malikəm. Premyer Liqada işləmək? Məşqçilik təcrübəm var. Bu haqda zamanı gələndə danışarıq. Məşqçilik kurslarında iştirakı davam etdirirəm. Sadəcə, "B” kateqoriyasını aldıqdan sonra bir il hansısa komandada təcrübə toplamalıyam. O təcrübəni də hazırda "Cəbrayıl”la keçirəm. Bir ildən sonra "A” kateqoriyası üzrə kurslara qatıla bilərəm”.

Səbuhi Həsənov