Ölkə 15:16 02.11.2022

Cəbrayıldakı mina partlayışının səbəbi açıqlandı (YENİLƏNİB)

Cəbrayıl Rayon Prokurorluğu rayon ərazisində baş vermiş mina partlayışı ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Qaynarinfo-ya daxil olan məlumatda deyilir:

"Noyabrın 2-si Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində 1972-ci il təvəllüdlü İlqar Əhmədovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla təmir-tikinti işləri ilə məşğul olan şirkətin sürücüsü İlqar Əhmədovun rayonun Mehdili kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır".


14:10

Daxili İşlər Nazirliyi (DİN) Cəbrayıl rayonunun Mehdili kəndində baş verən mina partlayışı barədə məlumat yayıb.

DİN Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxması səbəbindən piyada əleyhinə minaya düşüb.

Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb. 

Araşdırmalar davam etdirilir.
 
13:36 

Bu gün Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, mina partlayışı nəticəsində "İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.