İdman 10:52 27.04.2023

"Çelsi" Poçettino ilə anlaşdı

İngiltərə nəhəngi "Çelsi” yeni baş məşqçi tapıb.

Qaynarinfo-nun məlumatına görə, klub Maurisio Poçettino ilə anlaşıb. "Talksport”da yer alan xəbərdə "Çelsi"nin Poçettino ilə şifahi müqavilə imzaladığı bildirilib.
 
Xəbərdə müqavilənin bütün detallarının qısa müddətdə tamamlanmasının gözlənildiyi və bu həftənin sonuna qədər rəsmi açıqlamanın verilə biləcəyi bildirilib.
 
Müvəqqəti baş məşqçi səlahiyyətlərini icra edən Frank Lempardın isə mövsümün sonuna kimi bu postda qalacağı, daha sonra Poçettinonun komandaya rəhbərlik edəcəyi bildirilib.

Mövsümə Tomas Tuçelin rəhbərliyi altında başlayan "Çelsi” onunla yollarını ayırdıqdan sonra Qrehem Potterlə müqavilə imzalamışdı. Pis nəticələrdən sonra London klubundan qovulan Potteri hazırda Lempard əvəzləyir.

Bu mövsüm Çempionlar Liqası ilə 1/4 finalda vidalaşan "Çelsi" Premyer Liqada 31 oyundan sonra 39 xalla 11-ci pillədə qərarlaşıb.

Səbuhi Həsənov