Siyasət 11:21 30.09.2022

Ceyhun Bayramovla Mirzoyan sülh müqaviləsini müzakirə edəcək (YENİLƏNİB)

Rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşəcəyini təsdiqləyib. 

Azərbaycan XİN-dən Qaynarinfo-ya bildirilib ki, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi.

"Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur", - nazirlikdən qeyd olunub. 

09.46
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında növbəti görüşün vaxtı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.

Onun sözlərinə görə, XİN başçıları oktyabrın 2-də Cenevrədə görüşəcək.

Qeyd edək ki, Ceyhun Bayramovla Ararat Mirzoyan sonuncu dəfə sentyabrın 20-də Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçirib.