Dünya 12:58 01.12.2022

Çin etiraz dalğasından sonra bəzi COVID məhdudiyyətlərini yüngülləşdirir

Gündəlik yoluxanların sayı rekorda yaxınlaşsa da, Çin COVID siyasətini yüngülləşdirir.   

Qaynarinfo "Reuters”ə istinadən yazır ki, bu, ölkə boyu etiraz dalğası fonunda baş verir.

"Çində etirazlar prezident Si Szinpinin hakimiyyətə gəlişindən sonra son on ildə ən böyük vətəndaş itaətsizliyi nümayişinə çevrilib. Onlar ölkə iqtisadiyyatının son onilliklərlə müqayisədə daha yavaş inkişaf edən yeni dövrə daxil olduğu bir vaxtda baş verir.

Çinin dövlət mediası bildirib ki, yoluxmaların rekord sayda olmasına baxmayaraq, COVID-19 tədbirlərinə nəzarət edən Çinin Baş nazirinin müavini Sun Çunlan virusun xəstəliyə səbəb olma qabiliyyətinin zəiflədiyini söyləyib. O, həmçinin sınaq, müalicə və karantin siyasətlərinin daha da "optimallaşdırılmasına" çağırıb.

"Reuters”in qeyd etdiyi kimi, virusun patogenliyinin zəifləməsinin qeyd edilməsi, onun ölümcül olması ilə bağlı hakimiyyət orqanlarının əvvəlki hesabatları ilə ziddiyyət təşkil edir.

Honq-Konqun şimalındakı əsas istehsal mərkəzi olan Quançjounun ən azı yeddi rayonunda səlahiyyətlilər müvəqqəti məhdudiyyətləri aradan qaldırdıqlarını bildiriblər. O cümlədən, rayonlardan birinin rəhbərliyi məktəblərdə əyani dərslərin bərpasına, restoranların və digər müəssisələrin, o cümlədən kinoteatrların açılmasına icazə verəcək.

Cənub-Qərbi Çinin Çuntsinində, COVID-19 olan insanların müəyyən şərtlərə cavab verdikləri təqdirdə təmasda olmasına imkan verəcək, mərkəzi Çində isə supermarketlər, idman zalları və restoranlar da daxil olmaqla müəssisələrin "qaydalı" şəkildə yenidən açıldığını elan ediblər.
Bundan əvvəl Çində koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyalarında siyasi şüarlar da eşidilib: "Si Szinpin, çıx get!” və "Biz demokratiya istəyirik".

Nizami Bağırov