Dünya 17:58 11.03.2023

Çin lideri İran və Səudiyyəni barışdırdı: diplomatik münasibətlər bərpa edildi

İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik əlaqələrin bərpası və səfirliklərin açılması barədə razılığa gəliblər.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Tasnim agentliyinin məlumatında deyilir.
 
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şahmani və onun səudiyyəli həmkarı Musaid bin Məhəmməd əl-Ayban Pekində bir neçə günlük üçtərəfli danışıqlardan sonra razılığa gəliblər. Münasibətlərin normallaşdırılmasına dair razılıq Çin sədri Si Szinpinin, eləcə də Oman və İraqın hakimiyyət orqanlarının vasitəçiliyi ilə əldə edilib.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələr 2016-cı ildə kəsilib. Bundan əvvəl Səudiyyə Ərəbistanında terrorçuluqda iştirak etməkdə təqsirli bilinən 47 nəfər edam edilib, onların arasında ölkənin şiə azlığının nümayəndəsi Şeyx Nimr ən-Nimr də var. Onun edam edilməsi şiə ölkələrində, o cümlədən İranda hiddətə səbəb olub. Ölkənin ali dini lideri Ayətullah Əli Xamenei Səudiyyə Ərəbistanının hökmdarlarının cəzalandırılacağını bildirib. Bundan sonra İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirlikləri bir-birinə rəsmi etiraz məktubu göndərib. Həmçinin vaizin edamından sonra iranlı etirazçılar Səudiyyə Ərəbistanının diplomatik missiyasına hücum ediblər.

Alpər