Siyasət 09:44 23.08.2022

Çin Rusiya enerjisini almaqda Aİ-ni əvəz etməkdən hələ çox uzaqdır (TƏHLİL)

"Bloomberg” may-iyul ayları üçün gömrük statistikasına istinadən yazır ki, Ukraynada müharibə başlayandan bəri Çin Rusiyadan 35 milyard dollar dəyərində neft, neft məhsulları, qaz və kömür alıb. Ötən ilin eyni dövründə bu məbləğ təxminən 20 milyard dollar təşkil edib.

Göstəricinin artması həm Çindən idxalın artması, həm də enerji qiymətlərinin yüksəlməsi ilə izah olunur. Düzdür, onların çoxu Çində endirimlə satılır. Məsələn, Urals markalı neftin bir barelinin qiyməti dünya bazarı qiymətindən təxminən 30 dollar aşağıdır (lakin Uzaq Şərq ESPO markası üçün endirim daha azdır).
Kömür demək olar ki, yarıbayarıya ucuz satılır. Rusiya Energetikanın inkişafı mərkəzinin məlumatına görə, orta hesabla Rusiyadan gələn xammalın hər tonu digər təchizatçıların analoqlarından 45-50% ucuz satılır, pula çevrilsə, endirim 200 dollara çatır. Dünya bazarında bir ton kömür son vaxtlar 400 dollara yaxın satılır.
Çinin Rusiyanın enerji resurslarının alışını artırmasına, Avropa Birliyinin isə azaltmasına (bəzən qazda olduğu kimi məcburi şəkildə) baxmayaraq, Rusiyanın onlar üçün aldığı ödənişlərdə fərq böyükdür. Müharibə başlayandan bəri Aİ-nin Rusiyanın enerji resurslarına (neft, qaz, kömür, boru kəməri və dəniz yolu ilə çatdırılması) nə qədər pul ödədiyini hesablayan Enerji və təmiz hava araşdırmaları mərkəzinin (CREA) məlumatına görə, 22 avqust tarixinə bu rəqəm 84,4 milyard avro təşkil edir. 

Mart-iyul aylarında Aİ-nin ödənişləri təxminən 74-75 milyard avro təşkil edib (indiki dolların məzənnəsi ilə bu, analoji məbləğdir).

Bununla belə, ödənişlərdə olan fərq azalacaq - tezliklə Rusiya Avropadan gələn pul vəsaitlərinin hamısını və ya demək olar ki, hamısını (qazla bağlı vəziyyətdən asılı olaraq) itirəcək. Amma çətin ki, Çin və digər Asiya ölkələri Rusiyaya bu itkiləri tam kompensasiya edə bilsin.

Kömür

Məsələn, bu ilin iyulunda Rusiyanın Çinə kömür tədarükü 2021-ci ilin iyul ayı ilə müqayisədə 14% artaraq 7,4 milyon tona çatıb ki, bu da rekord sayılır. Lakin bu nailiyyət rus kömür mədənçiləri üçün xoş xəbər sayılmayacq. Belə ki, avqustun 10-da Aİ-də Rusiya kömürünün alınmasına embarqo, həmçinin Avropa şirkətlərinin hansı ölkəyə getməsindən asılı olmayaraq, Rusiya kömürü ilə dolu gəmilərin sığortalamasına qadağa qüvvəyə minib. Bu arada qeyd etmək lazımdır ki, üçüncü tərəf məsuliyyətinin birgə sığortasını həyata keçirən Qarşılıqlı sığorta klublarının beynəlxalq qrupu (International Group of P& I Clubs — IG) dünya daşımalarının təxminən 90%-ni sığortalayır. IG klublarına daxil olan əksər şirkətlər Aİ yurisdiksiyasındadır, lakin hətta İttifaqdan kənarda olanlar da Avropa təkrarsığortaçılarından çox asılıdır.

Sanksiyalar artıq avqust ayında Kuznetsk kömür hövzəsində vəziyyətə təsir göstərməyə başlayıb: Kemerovo vilayətinin şirkətləri hasilatı azaltmağa məcbur olublar.

Neft

Bu il Rusiya Çinin ən böyük neft tədarükçüsü olub, iyulda onun 7,15 milyon ton idxalı bir il əvvəlkindən 8% çox olub. Analitiklərin fikrincə, Çin iqtisadiyyatı indi yavaş inkişaf edir, bu da qonşularını yavaşlatır, üstəlik, Asiya artıq neftə olan tələbatını maksimum şəkildə təmin edir.

"Bloomberg”ə görə, əgər aprelin ortalarından iyunun ortalarına qədər Rusiyadan regiona tədarük sutkada 2-2,1 milyon barel təşkil edirdisə, iyulun əvvəlindən bu, 1,8 milyon barel səviyyəsindədir. "Asiya artıq demək olar ki, bütün nefti alır", - "BCS Global Markets”in baş neft və qaz analitiki Ronald Smit deyib.
Aİ-də Rusiya neftinin alınmasına qoyulan embarqo dekabrın əvvəlindən qüvvəyə minəcək.

Qaz

Rusiya büdcəsi ən çox Avropanın qaz ödənişlərinin azalmasına görə itkiyə məruz qalıb (son bir il ərzində spot bazarında qazın qiymətinin 11 dəfə artmasına baxmayaraq). CREA-nın məlumatlarından göründüyü, kimi aprelin əvvəlində, ödənişlər gündə təxminən 350 milyon avro təşkil edirdisə, indi bu rəqəm 120 milyon avroya düşüb. İyunun sonu və iyulun ortalarında isə ümumiyyətlə, 100 milyon avrodan aşağı düşüb.



Və burada söhbət artıq sanksiyalardan yox, əvvəlcə bir neçə ölkəyə qaz tədarükünü kəsən, sonra isə qalan ölkələrə nəqli azaldan "Qazprom”un siyasətindən gedir. Keçən cümə günü şirkət təmir işləri ilə əlaqədar avqustun 31-dən sentyabrın 2-dək "Şimal axını 1" vasitəsilə qaz tədarük etməyəcəyini açıqlayıb. Bu səbəbdən qazın qiyməti (Dutch TTF fyuçersləri) bazar ertəsi Avropada yeni rekorda yüksəlib - demək olar ki, 293 avro/MVt (1000 kubmetr üçün 3000 dollardan çox).

Almaniya xəbərdarlıq edir ki, Rusiya tədarükü tamamilə dayandıra bilər. Hər halda, Rusiya üçün Aİ bazarının əhəmiyyətli bir hissəsi (və gələcəkdə tamamilə) itirilib. Bu qazı digər regiona yönləndirmək mümkün deyil, çünki bütün infrastruktur onun Avropaya ixracını nəzərdə tutur.

Çinə yalnız bir qaz kəməri uzanır – "Sibirin gücü”. Qaynarinfo "Bloomberg”ə istinadla xəbər verir ki, Çinin iyul ayı ərzində LNG alması iyun ayı ilə müqayisədə azalıb, lakin il ərzində 20% artıb.

Ümumiyyətlə, Çinin qaza görə ödənişləri Avropa ilə müqayisə oluna bilməz. Belə ki, CREA-nın məlumatına görə, iyun ayında Çin bunun üçün Rusiyaya gündə 10 milyon avrodan 26 milyon avroya qədər pul ödəyib.

Nizami Bağırov