Siyasət 12:00 27.08.2022

Çin səfirinin Zəngəzura səfərində gizlənən məqsəd (ŞƏRH)

Ermənistan mətbuatının yazdığına görə, Çinin bu ölkədəki səfiri Fan Yun işgüzar səfərlə Sünik (Zəngəzur) vilayətində olub. Burada onu Sünik qubernatorunun müavini Ayk Arutyunyan qəbul edib. 

Görüş çərçivəsində səfir bildirib ki, Çinlə Ermənistanın Sünik vilayəti arasında əməkdaşlıq arzuediləndir: "Sünik Ermənistan üçün böyük əhəmiyyət kəsb edən bir regiondur. Son illər dağ-mədən sənayesi məhsulları ölkələrimiz arasında ticarət dövriyyəsi yüksəlib. Bu ixracatda Sünik rayonu mühüm yer tutur. Ölkələrimiz arasında əməkdaşlıq heç də yalnız bu sahə ilə bağlı deyil. Yeni-yeni sahələr də tapmalıyıq. Bununla əlaqədar Çin səfirliyi öz ölkəsinin investorlarını Sünikə göndərməkdə maraqlıdır”.

Beləliklə, Çin Azərbaycanla sərhəddə yerləşən vilayətlə əməkdaşlıq etmək üçün söhbətlər aparıb. Amma aydın məsələdir ki, bu səfərin pərdəarxasında başqa məqamlar dayanır.

Qeyd edək ki, digər güclər kimi, Pekin də Zəngəzur dəhlizinə xüsusi maraq göstərir. Bu dəhliz onun üçün də mühüm əhəmiyyət kəsb edir. Çin öz məhsullarını bu ərazidən daşınmaqda maraqlıdır. Səfirin sözügedən regiona səfərinin başlıca məqsədi heç də vilayətlə əlaqələr qurmaqdan ibarət olmayıb. Süniklə əlaqələr məsələsi sadəcə əsas məqsədə çatmaq üçün vəziyyəti yerində yaxından öyrənmək naminə ortaya atılıb. Səfir yerli əhalinin dəhlizin açılmasına münasibətini öyrənib, həm də sakinlərin diqqətinin bu istiqamətdə fokuslanmasına çalışıb. 

Hazırkı durumda Çin Rusiya üzərindən heç bir yerə çıxa bilmir. Dəniz vasitəsilə Avropa ilə əlaqə yaratmaq isə baha başa gəlir. Bu mənada Zəngəzur dəhlizi kommunikasiya xətti olaraq Pekinin də marağına səbəb olub. Çin səfirinin bu addımı əslində Azərbaycanın da maraqlarına cavab verir. Çünki sözügedən dəhlizin açılmasında bir marağı olan dövlət məhz Azərbaycandır. Ermənistan isə prosesdə indiki halda o qədər də maraq göstərmir. Belə ki, İrəvan Zəngəzurun dəhliz kimi hallandırılmasının əleyhinə çıxış edir. Rusiya, Çin, hətta müəyyən tərəddüdlərlə də olsa Qərb də Zəngəzur dəhlizinin mövcudluğunu istəyir. Yalnız hələlik İran prosesə əngəl olmaqda davam edir. Bu mənada Çin səfirinin sözügedən səfəri həm də Tehrana bir mesajdır. İran bu məsələdə təklənir. 

Rüfət Sultan