Dünya 14:39 04.08.2022

Çin Tayvanla vuruşsa… - Rusiyadan qarşılıqlı hərbi yardım təklifi

Federasiya Şurasının Xarici əlaqələr komitəsinin sədrinin birinci müavini Vladimir Cabarov çərşənbə axşamı bildirib ki, Rusiya Tayvanda silahlı münaqişə baş verəcəyi təqdirdə Çinə hərbi yardım göstərməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat paylaşıb.

Onun sözlərinə görə, Rusiyanın dəstəyi olmadan Çinin ABŞ-a müqavimət göstərməsi çətin olacaq və Pekin bunu Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra anlayıb.

"Mən çinlilərə yardımdan imtina etmək üçün heç bir səbəb görmürəm, amma istərdim ki, Çinlə bu hərəkət ikitərəfli olsun, yəni biz də bu əməkdaşlıqdan müəyyən fayda əldə edək”, - Cabarov bildirib.

O, əlavə edib ki, Pekinin etirazlarına, Çin ordusunu yüksək hazırlıq vəziyyətinə gətirməsinə, tank və ağır texnikanı Tayvan boğazına köçürməsinə baxmayaraq, Tayvan səbəbindən silahlı münaqişənin olmasını qeyri-mümkün hesab etmir.

"Bəzən bu, təsadüf məsələsidir, hansısa münaqişə baş verə bilər ki, bu da böyük müharibəyə çevrilə bilər", - senator izah edib. 
Onun sözlərinə görə, Çin özünü "çox təmkinli" aparır, lakin müdafiə qabiliyyətini sürətlə artırmağa davam edir. "Və mən əminəm ki, Çin bu halda Rusiya Federasiyasından hansısa yardıma ümid edir", - Cabarov bildirib.

İndiyədək rəsmi Pekin yardım üçün açıq şəkildə Kremlə müraciət etməyib və şərhlərində Rusiyanın adı çəkilməyib. Çin prezidenti Si Szinpin Pelosinin səfərini "imperialistlərin qeyri-sivil kampaniyasının növbəti nümayişi” adlandırıb.

"Amerika mürtəcelərinin bir dənə də olsun təxribatını qaçırmamaq üçün dünyaya geniş gözlərlə baxmağa davam edirik”, - o deyib.
Çinin öz suverenliyini qorumaq üçün lazımi tədbirlər görmək hüququ var, Rusiya Xarici İşlər Nazirliyi vəziyyəti şərh edib.

"Rusiyanın prinsipial mövqeyi dəyişməzdir: biz ondan çıxış edirik ki, yalnız bir Çin var, ÇXR hökuməti bütün Çini təmsil edən yeganə legitim hökumətdir və Tayvan Çinin tərkib hissəsidir”, - deyə nazirlik vurğulayıb.

Nizami Bağırov