Dünya 13:44 07.09.2022

Çində güclü zəlzələ qurbanlarından 74 nəfərinin cəsədi tapıldı (VİDEO)

Sentyabrın 5-də Sıçuan əyalətində baş verən güclü zəlzələdən sonra Çində axtarış-xilasetmə işləri davam edir.
 
Qaynarinfo xəbər verir ki, "Reuters"in məlumatına görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 74-ə çatıb.

Son məlumatlara görə, təbii fəlakət nəticəsində 259 nəfər xəsarət alıb, 26 nəfər itkin düşüb.

Agentliyin məlumatına görə, sentyabrın 7-də səhər saatlarında Çin Zəlzələ Şəbəkəsi Mərkəzi zəlzələnin episentrində 12 kilometr dərinlikdə 3 bal gücündə təkan qeydə alıb.

Sinoptiklər həmçinin cümə gününə qədər bölgədə leysan yağışların yağacağı ilə bağlı xəbərdarlıq edirlər.

Xatırladaq ki, əyalətdə 2017-ci ildən bəri baş verən bu ən güclü zəlzələ bir çox binaları dağıdıb, enerji və su infrastrukturuna, eləcə də telekommunikasiyaya ciddi ziyan vurub.

Zəlzələnin gücü 6,8 bal olub. Yeraltı təkanlar o qədər güclü olub ki, episentrdən yüzlərlə kilometr aralıda hiss olunub.

Çində baş verən zəlzələ nəticəsində 243 ev uçub, 13 010 ev dağılıb. Zəlzələ nəticəsində bir neçə şəhərdə elektrik enerjisi kəsilib, magistral yollar dağılıb, su elektrik stansiyaları sıradan çıxıb.

Sentyabrın 5-də baş verən zəlzələ Sıçuanda 2017-ci ilin avqustundan bəri ən güclü zəlzələ olub - o zaman Aba prefekturasında 7,0 bal gücündə zəlzələlər qeydə alınıb.

Son onilliklərdə Çində ən dağıdıcı zəlzələ 2008-ci ildə baş verib. Onun maqnitudası 8,0 olub. Təbii fəlakət təxminən 70.000 insanın həyatına son qoyub.

Alpər