Dünya 23:00 01.02.2024

Çinin Rusiyaya dəstəyi: Pekin hansı mesajı verir? (ŞƏRH)

"Pekinin Ukrayna məsələsində Moskvanı dəstəkləməsi Çinin milli təhlükəsizlik konsepsiyasından qaynaqlanır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Çin müdafiə nazirinin Rusiyalı həmkarı ilə videogörüşdə Ukrayna məsələsində Rusiyaya dəstək verəcəyi fikrini şərh edərkən deyib.

Politoloq bildirib ki, Çin yeni dünya düzənində Rusiya ilə eyni mövqedən çıxış edir:

"Çinin də Tayvan problemi var ki, ABŞ-dan həmin məqamdan Pekinə qarşı istifadə etməyə çalışır. Ukrayna müharibəsində görünən odur ki, ABŞ başda olmaqla Qərb və Rusiya zəifləyir. Lakin buna rəğmən Rusiya hərbi qələbə əldə etmək əzmindədir. Rusiya ilə Çin əslində mehriban düşməndir. Amma maraqları üst-üstə düşdüyündən hazırda mehriban qonşu statusundadırlar".



Həmsöhbətimiz qeyd edib ki, Çinin Rusiyanı dəstəkləməsi daha çox Pekinin maraqlarına xidmət edir:

"Çünki Çinin milli təhlükəsizlik konsepsiyasında ABŞ və NATO hədəf kimi göstərilir. Bu mənada da Pekinin Rusiyanı dəstəkləməsi tamamilə   məntiqlidir. Çin hazırda Rusiyanın təchizat işlərinə kömək edir. Pekin Rusiyanın Şərq hissəsinə sərməyə yatırır və bu bölgədə ABŞ-ın oyundankənar vəziyyətdə saxlamağa çalışır. Türkiyənin ölkəmizin yanında olması ilə Ermənistanı arxasında duran qüvvələrlə birlikdə necə məğlub etdiksə, Çinin də Rusiyanın yanında olması Qərbə mesajdır".

Ekspertə görə, Pekinin Rusiyanı dəstəkləməsi Qərbin yavaş-yavaş Ukraynadan çəkilməsinə gətirib çıxaracaq:

"Yaya qədər Ukraynanın bölünməsi prosesi başa çatdırılacaq".

Qeyd edək ki, Çinin yeni müdafiə  naziri Donq Jun Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu ilə videogörüş zamanı ölkəsinin Qərbin təzyiqlərinə baxmayaraq, Ukrayna məsələsində Rusiyaya dəstək verəcəyini söyləyib. "Son illərdə ABŞ və Qərb  dünyası Rusiyanı təcrid edir. Biz ədaləti qətiyyətlə  dəstəkləyirik və ABŞ və Avropanın Çin tərəfinə təzyiqlərini davam etdirməsinə baxmayaraq, Ukrayna məsələsində sizə dəstək veririk", - Donq Jun bildirib. 

Onun sözlərinə görə, Çin Rusiyaya dəstəyini dayandırmayacaq, baxmayaraq ki, bu, Pekinin Aİ ölkələri ilə müdafiə əməkdaşlığına xələl gətirir. 

Rüfət Sultan