Britaniya avtomobil istehsalı İnstitutu, hazırda Avropa və Böyük Britaniyada istifadə edilən yüz minlərlə Çin avtomobilinin Çin hakimiyyətinin tələbi ilə dərhal və uzaqdan "söndürülə" biləcəyini göstərən hesabat dərc edib. Bu hal da öz növbəsində "köhnə dünya"nın yollarının iflic olmasına gətirib çıxaracaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Londonun "The Times” qəzeti məlumat
yayıb.
Elektromobil və akkumulyatorlar hazırlamaq üçün lazım olan Çin materiallarına həddən artıq etibar etmənin avtomobil istehsalçıları üçün yaratdığı təhlükə son vaxtlar çox danışılır. Üstəlik, aparıcı Qərb ölkələri və Yaponiya milli təhlükəsizliyə təhdidlər səbəbindən bu cür asılılığı azaltmaq üçün artıq addımlar atır. Bununla belə, Britaniya avtomobil istehsalı institutunun (IMI) prezidenti, professor Cim Seyker hesab edir ki, Çinin Avropaya potensial təzyiqi təhlükəsi bu cür asılılıqla məhdudlaşmır. O, başqa bir potensial təhlükəyə - əslində Çində istehsal olunan ağıllı elektrik avtomobillərinə işarə edir. Professorun sözlərinə görə, məhz onlar "ciddi təhlükəsizlik problemləri” səbəbindən Troya atı rolunu oynaya bilirlər.
Onun fikrincə, Çin səlahiyyətliləri istəsələr Avropada 100-300 min arası elektromobili uzaqdan "söndürə” bilərlər: "Ölkəni ağıllı elektromobillərlə doldurmaq təhlükəsi Çin hakimiyyətinin ixtiyarında olan ən təsirli "Troya atı" ola bilər."
Onun fikrincə, bunun səbəbi ondan ibarətdir ki, rəsmilərin vədlərinə baxmayaraq, Çindən ölkəyə gətirilən bütün elektromobillərdə quraşdırılmış zərərli və ya casus proqramlarının olub-olmadığını yoxlamağın praktiki olaraq mümkünsüzlüyüdür.
Böyük Britaniyada yeni benzin və dizel avtomobillərinin satışının qadağan ediləcəyi 2030-cu ilə yaxınlaşdıqca təhlükə artır. "The Times" xatırladır ki, əksəriyyəti Çindən olan ən azı 30 elektromobil istehsalçısı bu tarixə qədər öz məhsullarını təqdim etməyə hazırdır.
"The Times” Çinin elektromobil bazarının iyulun əvvəlində 291,4 milyard dollar dəyərində qiymətləndirildiyini və növbəti beş il ərzində 6%-dən çox artacağı proqnozlaşdırıldığını vurğulayır. Bundan əlavə, Çin hökumətinin məlumatlarına görə, ölkə artıq bu göstəriciyə görə Yaponiyanı geridə qoyaraq, elektromobillərin ən böyük ixracatçısına çevrilib. Çin hökumətinin məlumatına görə, təkcə bu ilin birinci rübündə ölkə şirkətləri 1,07 milyon elektromobil ixrac edib.
Professor Seyker öz məruzəsində Çin elektromobillərin istismarı ilə bağlı riskləri minimuma endirməyin bir neçə yolunu sadalayır.
Birincisi, yeni benzin və dizellə işləyən avtomobillərin satışına qadağa qoyulmasının ən azı beş il müddətinə təxirə salınması.
İkincisi, kritik metallar bazarında Çinin hegemonluğundan daha az asılı olan hidrogenlə işləyən avtomobillərin istehsalına daha çox dəstək verilməsi.
Bununla belə, "yaşıl” avtomobillərə keçid mövzusunun siyasiləşdirilməsi səbəbindən bu məsləhətlərin hər ikisinin hakimiyyət tərəfindən qəbul ediləcəyi ehtimalı azdır.
Nizami Bağırov
Şərhlər