Dünya 12:53 28.02.2024

Çinin xüsusi nümayəndəsi Ukrayna, Rusiya və Aİ ölkələrinə səfər edəcək

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey hərbi münaqişənin həlli üçün Ukrayna, Rusiya Federasiyası və bir sıra Avropa ölkələrinə səfər edəcək. Onun səfəri mart ayında baş tutacaq.

Qaynarinfo bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huey Ukrayna böhranının siyasi həllini təşviq etmək üçün martın 2-dən etibarən Rusiya, Avropa İttifaqının mənzil-qərargahı, Polşa, Ukrayna, Almaniya və Fransaya səfər edəcək", deyə açıqlamada qeyd edilir.

Xatırladaq ki, 2022-ci ilin noyabrında G20 sammitində çıxışı zamanı Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın tammiqyaslı işğalını dayandırmaq üçün "sülh formulu” təklif edib. Zelenski həmçinin bildirib ki, Çin dünyada böyük rol oynayır, ona görə də Ukrayna bu ölkənin sülh sammitində iştirakını istəyir.

Lakin Çin Xarici İşlər Nazirliyi sülh formulu forumunda iştirak etməyib və Pekinin niyə görüşdə iştirak etmədiyinə cavab verməyib. Eyni zamanda, Çin "sülhün əldə edilməsinə yönəlmiş bütün səyləri" dəstəklədiyi bildirilib.

Nizami Bağırov