Sağlamlıq 23:58 17.06.2022

COVID qayıdır: Bir çox Avropa ölkələrində yoluxmalar artıb

Fransa və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələrdə koronavirusa yoluxmaların sayında  artım müşahidə edilir.
 
Bu barədə Qaynarinfo Financial Times saytının təhlilinə əsasən xəbər verir.
 
Avropa ölkələrində "Omikron" ştammına yoluxma və xəstəxanaya yerləşdirmə hallarının sayı artıb. İmmunitet səviyyəsinin aşağı düşməsi və pandemiya məhdudiyyətlərinin aradan qaldırılması yeni qlobal COVID dalğasının başlama riski yaradıb. Başqa ölkələrdə də vəziyyət ürəkaçan deyil. Belə ki, "Omikron"un BA.5 sub variantı Portuqaliyada yeni infeksiyaların 80 faizindən çoxunu təşkil edir. Almaniyada Covid-19 infeksiyasına yoluxanların sayı iki dəfə çoxalıb.

Ekspertlər xəbərdarlıq edir ki, test və nəzarətin azalması ölkələrin yeni mutasiyaları aşkar etmək və ona tez reaksiya vermək qabiliyyətini təhlükə altına qoya bilər. Mütəxəssislər ehtiyat edirlər ki, bu ilin sonunda  yeni dalğa gələ bilər.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin nəzarət şöbəsinin rəhbəri Pyotr Kramarz deyir ki, BA.4 və BA.5 kimi "Omikron" sub-variantlarında "immunitetdən qaçma” elementi var, yəni nə əvvəlki infeksiyalar, nə də peyvəndlər belə güclü qorunma təmin etmir. Kramarz BA.4 və BA.5-in daha ciddi xəstəliyə səbəb olmadığını deyir, lakin o, xəstələnmiş adamların da yenidən yoluxma riskinin olduğunu vurğulayır. Üçüncü doza peyvənd vurulan insanlar da xəstələnirlər, baxmayaraq ki, subutlar peyvəndlərin hələ də ən pis təsirlərə qarşı güclü müdafiə təmin etdiyini göstərir. Omikron-un sub variantlarından birinin, BA.5-in potensial gücü özünü daha çox Portuqaliyada  göstərir, burada son bir ay ərzində Covid-19 diaqnozu ilə xəstəxanaya yerləşdirmə sayında əhəmiyyətli artım baş verib, nəticədə ölüm halları daha yüksək olub.  

Qeyd edək ki, hazırda koronavirusa yoluxma Çin, Hindistan, Amerika da artmaqdadır. 

Nurlan Hüseynov