Sağlamlıq 19:23 07.07.2023

“Çox yemək xəstəliklərə yol açır” - Ekspert

"Ürək-damar xəstəliklərinin artmasına səbəb həddən artıq qida qəbuludur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Həkim ürək-damar xəstəliklərinin artmasının bütün dünya üzrə müşahidə olunan tendensiya olduğunu vurğulayıb: 

"Bu əslində çox saylı səbəblərə bağlıdır. Orqanizmin ən əsas problemi daxil olan kalori, yəni qida vasitəsi ilə sərf olunan kalori arasında bir balansın yaranmasıdır. Təəssüflər olsun ki, bu balans həmişə pozulur, daha çox qida qəbul edib və daha az hərəkətdə oluruq. Yəni, onun yanma prosesləri zəif gedir. Ona görə də ürək-damar xəstəlikləri artır”. 

Adil Qeybulla bildirib ki, həddən artıq qida qəbulu, asan həzm olunan karbohidratlar, yəni şirin ərzaqların qəbulu, az hərəkətlilik, siqaret şəkmək, stress, alkoqol qəbul etmək mübadilə pozuntularına gətirib çıxardır: 

"Nəticədə damar divarında xolesterolun mübadilə məhsullarının çökməsi nəticəsində onların daralması baş verir. Bu da ürək-damar xəstəliklərinin əsasıdır. Ürək-damar xəstəliklərinin çoxalmasının qarşısını almaq üçün yol qida mədəniyyətindən keçir. İnsanlar daima hərəkətlə olmalıdır”. 

Professor təəssüf hissi ilə insanların daha çox tənbəlləşməsini vurğulayıb: 

"İnsanlar pis vərdişlərə yiyələniblər, həddən artıq qida qəbul edirlər. Bu da istər-istəməz xəstəliyə yol açır”. 

Bahar Rüstəmli