Rusiyanın Moldovadakı səfirliyinin damında antenlərin və izləmə cihazlarının sayı artır. Xüsusilə damda canlanma prezident seçkiləri, parlament seçkiləri və ya xarici nümayəndə heyətlərinin Moldovaya səfərindən əvvəl baş verir.
Qaynarinfo xəbər verir ki, bu barədə The Insider və Jurnal TV-nin araşdırmasında
deyilir.
Qeyd olunur ki, müşahidələr iyunun 1-də keçirilən Avrosammit ərəfəsində, eləcə də may ayında Moldova hökumət şəbəkələrinə haker hücumundan sonra minlərlə məxfi sənədin hücumçuların əlinə keçdiyi zaman müşahidə edilib.
Jurnalistlər səfirliyin damında olan şəxslərin kimliyini müəyyən edə biliblər: onların Rusiya Federasiyası Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin və Xarici Kəşfiyyat Xidmətinin rabitə üzrə məxfi zabitləri olduğu üzə çıxıb.
Onların Angela Merkel, Emmanuel Makron və Hillari Klintonun elektron poçtunu sındıran haker qrupları ilə sıx əlaqədə olduqları bildirilir.
Mayın 14-də QRU-nun zabiti Pavel Yakunin Rusiyanın Kişinyovdakı səfirliyinin yaşayış binasının damında görüntülənib.
Jurnalistlər qeyd edirlər ki, onun hərəkətlərinin qarşıdan gələn Avrosammitlə və Moldova prezident administrasiyasının, hökumətin, Xarici İşlər Nazirliyinin, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Xidmətinin internet resurslarında baş vermiş haker hücumu ilə bağlı olması istisna olunmur. Nəticədə yüksək rütbəli məmurların, bəzi hüquq-mühafizə orqanlarının, demək olar ki, bütün məxfi yazışmaları və digər məxfi məlumatlar "sızdırılıb”.
"The Insider”in Moldova sərhəd xidmətindəki mənbəsinin məlumatına görə, Sergey Sarapulov, Sergey Korolyov, İqor Naumenko, Aleksandr Mironov, Konstantin Valday, Aleksandr Koşurenko və Aleksandr Çikurov ölkəyə səfər ediblər. Onların hamısı QRU radio kəşfiyyatında xidmət edir, bəziləri isə telefonların dinlənilməsi və ya kompüter şəbəkələrinə müdaxilə üzrə mütəxəssislərdir.
Jurnal TV-nin moldovalı jurnalistləri qeyd edirlər ki, Moskvadan növbəti "turistlər" gələn kimi dərhal səfirliyin damında "antenlərdə canlanma" başlayır.
Ümumilikdə, səfirliyin və diplomatların, texniki işçilərin məskunlaşdığı qonşu binanın damında 28 ədəd parabolik anten, ötürücü və ya qəbuledici qurğular quraşdırılıb.
Qeyd edilir ki, bu, antenlərin sayına görə rekordçu - 17 antenin quraşdırıldığı Rusiyanın Belçikadakı səfirliyindən xeyli çoxdur.
Mütəxəssislərin fikrincə, parabolik antenlərin köməyi ilə peyk rabitəsi, mikrodalğalı rele xətti qurmaq və ya simsiz internet marşrutlaşdırıcısının siqnalını gücləndirmək mümkündür. Və belə bir anten gəmilərin, təyyarələrin və idarə olunan raketlərin yerini təyin edə bilər. Parabolik antenlər, demək olar, bütün Avropa ölkələrində telefon danışıqlarına qulaq asmağa imkan verən "Thuraya” sistemi kimi peyk telefoniya siqnallarına çıxış əldə edir.
Yagi-Uda çərçivələri yerli polis məmurlarının, taksi sürücülərinin, aviadispetçerlərin və s. radio danışıqlarını ələ keçirməyə qadirdir. Dairəvi diaqrama malik genişzolaqlı disk-konus qəbuledici-ötürücü anten (SHDPPA) 100 km-ə qədər olan görmə zonasında ikitərəfli əlaqə üçün istifadə olunur ki, bu da Rusiya yönlü Dnestryanı və Qaqauziyanın rezidentliklərinin rəhbərliyi ilə birbaşa əlaqə saxlamağa imkan verir. Onlar həmçinin kosmosda peyklərlə qısa mesaj mübadiləsi üçün istifadə olunur və bir saniyə ərzində böyük miqdarda məlumat ötürə bilirlər. ShDPPA peyk antenləri dünyanın müxtəlif ölkələrindəki bütün Rusiya səfirliklərində quraşdırılıb və onlardan QRU, SVR və FSB-nin 5-ci xidməti istifadə edir.
Məlumdur ki, QRU zabitləri yaşayış binasının sağ tərəfindəki, SVR isə sol tərəfdəki antenlərə xidmət göstərir.
2-3 ildən bir Rusiya səfirliyi "dinləyiciləri” və kompüter şəbəkələrini sındırmaq üzrə mütəxəssisləri rotasiya edir.
Araşdırmaçıların məlumatına görə, rabitəçi zabitlərə və "dinləyicilərə” rəhbərliyi Aleksandr Vasinoviç edir. O, tez-tez səfirliyin damında peyda olur və tabeliyində olanlara göstərişlər verir. Vasinoviç QRU-da xidmətə Murmansk yaxınlığındakı Kildinstroy kəndində (34630 saylı hərbi hissə) başlayıb. Moldovaya təyin olunmazdan əvvəl Vasinoviç Almaniyada bir neçə il casusluq edib. Daha iki QRU zabiti Vasinoviçə tabedir: əslən Riqadan olan Vitali Renev və yuxarıda qeyd olunan Pavel Yakunin Avrosammitdən əvvəl damda görünüb.
SVR xətti ilə əvvəllər Podolsk yaxınlığındakı Kuzneçiki kəndində (43169 saylı hərbi hissə) xidmət etmiş attaşe Vladimir Qoroxov və Moskva Ali Yol və Mühəndis Qoşunları Komandanlıq Məktəbinin məzunu Eduard Oseçkin səfirliyin damında görünürlər.
Moldova sərhəd xidmətindəki mənbə bildirib ki, bəzi rusiyalı kəşfiyyatçıların arvadları şübhəli şəkildə tez-tez Moskvaya və geriyə uçurlar. Çox vaxt əl yükündə 5-6 fləş-kart və hard disk olur. Onlar düşünürlər ki, bu qadınların "çox ağır faylları” daşımaq üçün kuryer kimi istifadə olunur. Onlar diplomatik toxunulmazlığa malikdirlər və sərhədçilərin onları yoxlamaq hüququ yoxdur.
Qeyd edilir ki, Moldova hökumətinin kompüter şəbəkələrinə kiberhücumdan əvvəl təkcə damlarda deyil, Kişinyovun mərkəzində də aktiv hərəkət baş verib. Ara-sıra avtomobillər səfirliyi tərk edir və hərəkət zamanı hökumət binalarının, parlamentin, İnformasiya və Təhlükəsizlik Xidmətinin (FSB və SVR-nin analoqu) yaxınlığında qısamüddətli dayanacaqlar edirdilər. Sərnişinlərin çiyinlərində noutbuk və planşetlərin yerləşə biləcəyi kiçik bel çantaları vardı. Dayanacaqlar zamanı həmin şəxslər kiminləsə mobil telefonla əlaqə saxlayıb, sonra isə yeni obyektə keçiblər. Səfərlərdə onları hərbi attaşenin işçiləri və ya Xarici Kəşfiyyat Xidmətinin xarici əks-kəşfiyyatının zabitləri müşayiət edib.
Müsahibə edilən kibertəhlükəsizlik mütəxəssisləri avtomobillərdəki sirli sərnişinlərin Rusiya kəşfiyyat xidmətləri ilə sıx əlaqələri olan APT28 və ya APT29 haker qruplarının üzvləri olduğunu ehtimal edir. Adətən, hakerlər zərərli virusu işə salmaq üçün kompüter şəbəkələrində "deşiklər” tapan Wi-Fi skanerlərindən istifadə edirlər. APT28 və ya APT29 qruplarının üzvləri əvvəllər Ağ Evə, Çexiya, Polşa, Almaniya, İtaliya, Latviya, Estoniya, Ukrayna, Norveç və Niderlandın xarici işlər nazirliklərinə, Danimarka, İtaliya, Almaniyanın müdafiə nazirliklərinə, NATO-nun mənzil-qərargahına, ATƏT, BOK, WADA və başqalarına hücum ediblər. Onlar hətta Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronun elektron poçtlarını sındırmağa müvəffəq olublar.
Nəşr yazır ki, bu material hazırlanarkən Moldovanın qonşusu olan Rumıniyada ölkənin Kəşfiyyat Xidmətinin kibermüdafiə şöbəsinin rəhbəri Anton Roqla müsahibə dərc olunub. General bildirib ki, APT28 və ya APT29 hökumətin Wi-Fi şəbəkələrini sındırmağa cəhd edib, lakin əks-kəşfiyyat Rusiya kəşfiyyat xidmətlərində işləyən yerli hakeri saxlayıb.
Nizami Bağırov
Şərhlər