Ölkə 14:34 01.11.2022

"Davam" Masallı və Lənkəranda silsilə görüşlər keçirdi (FOTO)

"Davam” Gənclər Hərəkatı tərəfindən 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq keçirilən "ZəfərimİZ” kampaniyası çərçivəsində gənclərlə və gənclər üçün ümumrespublika miqyaslı silsilə tədbirlər davam edir. Kampaniya çərçivəsində növbəti tədbirlər Masallı və Lənkəranda təşkil olunub. 

Azərbaycanın cənub regionlarına baş tutan səfər çərçivəsində Masallı Dövlət Regional Kollecinin tələbələri ilə Masallı Gənclər Evində görüş keçirilib. Görüşdə "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı ilə yanaşı Kollecin direktor müavini Namiq Ağayev də iştirak edib. Masallıya baş tutan səfər çərçivəsində digər görüş Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Gənclər Evinin direktoru Fuad Mənsimov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, GİKM-nin Masallı nümayəndəliyinin rəhbəri Aynur Tağıyeva, rayonda fəaliyyət göstərən QHT rəhbərləri və bir qrup fəal gəncin iştirakı ilə Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Masallıdan sonra Lənkəran şəhərinə baş tutan işgüzar səfər zamanı Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində təhsil alan tələbələrlə görüş baş tutub. Görüşdə "Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova və direktor köməkçisi Cəmil Quliyev iştirak edib. Daha sonra "Davam" sədri Nihad Allahyarlı və İdarə rəisi Teymur Babazadənin iştirakı ilə Lənkəran şəhərində yaşayan aktiv gənclər və ictimai fəallarla Lənkəran şəhər Gənclər və İdman İdarəsində görüş keçirilib. Görüş zamanı gənclərdən gələn sosial sifarişlər dinlənilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Qeyd edək ki, kampaniya çərçivəsində Masallı və Lənkəranda keçirilən görüşlərdə Azərbaycanın 44 gün ərzində keçdiyi şanlı Zəfər yolu, regiondakı geosiyasi şərait, postmüharibə dövrünün reallıqları, "Davam” Gənclər Hərəkatının fəaliyyəti, gördüyü işlər və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib. Bu görüşlərdə ümumilikdə 600-dən çox gənc iştirak edib.